Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: "Yeni idarəetmə fəlsəfəsi ictimai rəydə daha çox rəğbət qazanır"



Newscenter.az.10.09.2020. Ölkəmizdə dövlət idarəçiliyinin optimallaşdırılması, şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların mühüm tərkib hissəsidir. Prezident Administrasiyasında, Milli Məclisdə, Nazirlər Kabinetində struktur islahatlarının reallaşdırılması, idarəçiliyin optimallaşdırılması və ölkənin uğurlu inkişafı üçün son vaxtlar Azərbaycan Respublikasının İqtisadi Şurasının, eləcə də Azərbaycan İnvestisiya Holdinqinin yaradılması da həyata keçirilən reformaların əyani sübutlarıdır.

Müxtəlif vaxtlarda yerli və mərkəzi icra orqanlarının strukturu, fəaliyyət istiqamətləri, prinsipləri, vəzifə və öhdəliklərinin dəqiqləşdirilməsi, paralel idarəçiliyin aradan qaldırılması, qərarların çevik qəbul olunması və vəzifələrin mümkün qədər səmərəli icrası ilə bağlı qanunvericilik təşəbbüsləri irəli sürülüb. Sirr deyil ki, islahatlar paketinin mühüm tərkib hissəsi kimi Milli Məclis, Prezident Administrasiyası, Nazirlər Kabinetində həyata keçirilən struktur dəyişiklikləri öz müsbət nəticələrini verir. Eyni zamanda, bu gün dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, bürokratik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə əhali tərəfindən təqdir olunur, yeni idarəetmə fəlsəfəsi ictimai rəydə daha çox rəğbət qazanır. Bütün bunlar göstərir ki, qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək.

Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüslərə gəlincə, əlavə edim ki, burada ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi məqsədi daşıyır. Çünki, əhalisinin sayına görə Gəncə şəhərinə yaxın olan Sumqayıt şəhərinin nümunəsi göstərir ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimaldır. Əlbəttə ki, əgər vahid idarəçilik mexanizmi formalaşarsa, bundan ilk növbədə vətəndaşlarımız fayda görəcək. Yəni, vətəndaşların müraciətlərinə baxılma mexanizmi sadələşdiriləcək, onların problemləri daha çevik şəkildə həll olunacaq, idarəetmə sistemnidə çox pilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ hallar aradan qaldırılacaq, əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı qərarların icrasının səmərəliliyi daha da artacaq, böyük idarəetmə aparatı ləğv ediləcək və büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunacaq.

Xatırlayırsınızsa, Vergilər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi bu sahədə idarəetmənin optimallaşdırılmasına xidmət etdi. Bu gün istər vergi, istərsə də iqtisadi sahədə vətəndaşların, xüsusilə də sahibkarların məmnunluğunu görməmək mümkün deyildir.

Beynəlxalq təcrübə də göstərir ki, struktur islahatları dövrün tələbinə uyğun olaraq bir çox ölkələrdə keçirilib. Məsələn, Almaniyada əmək nazirliyi ilə iqtisadiyyat nazirliyi birləşdirilib, ABŞ-da nazirliklərin fəaliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif xidmətlər yaradılıb, eyni zamanda 22 xidməti özündə birləşdirən ABŞ Daxili Təhlükəsizlik Nazirliyi formalaşdırılıb. Bununla yanaşı idarəçiliyin təkmilləşdirilməsi baxımdan ABŞ-da müstəqil agentliklər, Britaniyada ictimai korporasiyalar, Fransada qərargahlar, Almaniyada supernazirlik təşkil edilib. Yəni, görünən odur ki, struktur islahatları, idarəçiliyin təkmilləşdirilməsi prosesi dünyanın inkişaf etmiş ölkələrində də müşahidə edilir. Bütün bunlar isə ölkənin ümumi inkişafına təkan vermiş olur.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş