Newscenter.az.14.09.2020. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi işğalçı Ermənistanın baş nazirinin xanımı Anna Akopyanın əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ bölgəsində qanunsuz hərbi təlimlərdə iştirak etməsinə və səngərdə uzanaraq avtomatla Azərbaycan mövqelərini nişan aldığını göstərən fotolar yaymasına kəskin etirazını bildirib.
Newscenter.az-a daxil olan məlumata görə, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın imzası ilə beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda faşist mahiyyətli Ermənistanın 30 ildir Azərbaycan ərazisi olan Dağlıq Qarabağı işğal altında saxladığı, beynəlxalq təşkilatların və dünyanın aparıcı dövlətlərinin bu faktı etiraf etdiyi, amma rəsmi İrəvanın dünya birliyinin "azad et!" tələbinə məhəl qoymadığı, sülh yolu ilə münaqişəni həll etməyə cəhdlər göstərən Azərbaycanın təmas xəttində və dövlət sərhəddində təxribatlar törətdiyi, iyul döyüşləri zamanı bütün dünyanın bir daha Ermənistanın məkrli xislətinə şahid olduğu vurğulanıb.
Bəyanatda qeyd edilib ki, Anna Akopyan Tovuz təxribatını ərinin başçılıq etdiyi hökumətin başlatdığını unutdurmaq üçün "sülhpərvər dona" bürünərək Azərbaycan analarına müraciət edirdi. "2018-ci ildə özünü regionda sülhün müdafiəçisi kimi təqdim edən və "Sülh uğrunda qadınlar” kampaniyasına azərbaycanlı qadınları da dəvət edən Anna Akopyanın son görüntüləri, qadınları silahlardan istifadə etməklə qonşu ölkənin torpağı olan Dağlıq Qarabağı müdafiə etməyə dəvət etməsi Ermənistan dövlətinin ikiüzlü xarici siyasətindən xəbər verir. Əgər Ermənistanda qadınlar da müharibəyə hazırlaşırlarsa, bu ölkənin sülh istəməsinə necə inanmaq olar?", - deyə sual edilib.
Birlik hesab edir ki, hazırda Azərbaycan və Ermənistan dövlət sərhəddində və təmas xəttində xüsusi zorakılıq halları müşahidə olunmasa da, narahatedici məqamlar hələ də mövcuddur və son zamanlar sosial media şəbəkələrində, dünya mətbuatında yayılan görüntülər bu narahatlığı daha da gücləndirir.
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həllini tələb edən birlik bəyan edib ki, Ermənistan Azərbaycanın mülki vətəndaşlarına qarşı hərbi hücumlarını dayandırmalı, BMT-nin Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarını yerinə yetirərək Azərbaycanın işğal olunmuş ərazilərini dərhal tərk etməlidir.
Mehman