Newscenter.az.16.09.2020. Bu ilin yanvar-iyun aylarında dünya üzrə turistlərin sayı 65%, beynəlxalq turizmdən əldə edilən gəlirlər 460 mlrd ABŞ dolları azalıb.
“Report” xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatı COVID-19 pandemiyasının turizm sektoruna təsiri ilə bağlı açıqladığı "Beynəlxalq turizmin barometri" adlı hesabatda qeyd edilir.
Təşkilat hesab edir ki, bu, 2009-cu ildə qlobal iqtisadi böhran zamanı turizm sektorunun itkilərindən 5 dəfə çoxdur.
Hesabata görə, turistlərin sayı təkcə iyun ayında ötən illə müqayisədə 93% azalıb. Bu ilin ilk yarısında isə turist sayı 440 milyon nəfər azalıb.
Pandemiyanın turizmə vurduğu ziyan ən çox Asiya-Sakit Okean regionunda hiss edilib. Geriləmə bu regionda 72%-ə, Avropada 66%-ə, Amerikada isə 55%-ə bərabər olub.
BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Polikaşvili isə bildirib ki, artıq dünyanın bir çox yerində təhlükəsiz səyahət mümkündür. Onun sözlərinə görə, hökumətlər qlobal turizmin inkişafı üçün özəl sektora dəstək verməlidir.