Newscenter.az.18.09.2020. Əvvəllər də məlumat verildiyi kimi, prokurorluq orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri - ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalan cinayətlərin istintaq edilərək açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmasıdır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, 05 may 2017-ci il tarixdə gecə saat 02 radələrində Bakı-Quba magistral yolunun Xızı rayonu Yaşma kəndi ərazisindən keçən yolda naməlum avtomobilin 1952-ci il təvəllüdlü Bakı şəhəri sakini Kərimov Kamil Əhmədağa oğlunu vurub hadisə yerindən qaçması faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla Kərimov Kamil Əhmədağa oğlunun qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan 19.08.2019-cu il tarixdə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Həyata keçirilən kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə Həsənov Bəhruz Bayram oğlunun bibisi oğlu Kamil Kərimovla 04 may 2017-ci il tarixdə gecə saatlarına kimi mərhumun qardaşı Feyruz Kərimov tərəfindən təşkil edilən Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Yaşma bağlar massivində yerləşən bağ evindəki məclisdə spirtli içkilər qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Kamil Kərimovun baş nahiyəsinə bir litrlik şüşə butulka ilə bir dəfə möhkəm zərbə vurmaqla ona sağlamlığa ağır dərəcəli zərərvurmaya aid olan xəsarət yetirməsindən sonra Bakı-Quba magistral yolunun Xızı rayonu Yaşma kəndi ərazisindən keçən hissəsində düşürməsinə və nəticədə yolun kənarında olan Kamil Kərimovun naməlum avtomobillə vurularaq aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu əsasla 07.09.2020-ci il tarixdə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin məcəllənin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 307.2 (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə), 263.2 və 264-cü maddələrinə tövsif olunmaqla, istintaqın davam etdirilməsi Baş Prokuror tərəfindən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Cinayət işi üzrə məhkəmə-tibbi, məhkəmə-bioloji, təkrar məhkəmə-tibbi, əlavə komisyon məhkəmə-tibbi və digər zəruri ekspertizalar təyin olunmuş, o cümlədən müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı zəruri tapşırıqlar verilib.
İstintaq zamanı təqsirləndirilən şəxs Bəhruz Həsənov müdafiəçisinin iştirakı ilə dindirilərkən törətdiyi əməli səmimi olaraq etiraf edib, bundan başqa hadisənin şahidi olmuş şəxslər hadisənin baş vermə şəraitini videoçəkilişlə ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti zamanı olduğu kimi göstərib.
Bəhruz Həsənov 07.09.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulub, 09.09.2020-ci il tarixdə isə ona həmin maddə ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda mərhum Kərimov Kamil Əhmədağa oğlunun meyitinin aşkar olunma şəraiti, o cümlədən hadisənin baş vermə şərait və mexanizmi və digər xüsusatların istintaq yolu ilə hərtərəfli öyrənilməsi məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.