Newscenter.az.19.09.2020. Biz Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun haqqında qərarın dəyişdirilməsini və onun ev dustaqlığına buraxılmasını dövlətimizin humanizm prinsiplərinə əsaslanan siyasəti və addımı kimi dəyərləndiririk. Bu addım eyni zamanda T.Yaqublunun aclıq aksiyası üzərindən siyasi spekulyasiyalar etmək istəyənlərə də tutarlı cavab oldu.
AXCP sədri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı kimi şəxslər T.Yaqublunun adı ətrafında baş verən proseslərdən istifadə edərək növbəti dəfə çox çirkin qarayaxma kampaniyasına start vermişdilər. Onların apardıqları bu kampaniya ən tükürpərdici hədəfə - T.Yaqublunun ölümünə hesablanmışdı. Onlar bu məqsədlərinə çatmaq üçün hətta T. Yaqublunu muayinə və müalicə edən doktor Adil Qeybullanı da az qala düşmənə çevirdilər. Belə ki, Adil Qeybullanın T.Yaqublunun mülki xəstəxanaya köçürülməsi ilə bağlı hakimiyyətin qəbul etdiyi qərarı humanist addım kimi qiymətləndirməsi onların xoşuna gəlməmişdi. Adil Qeybulla isə onların bu antiinsani davranışını əsl həkim müdrikliyi ilə qınadı: “Bəzi internet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlıdırlar. Maraqlıdılar ki, bu proses uzansın, T.Yaqublu aclığı davam etdirsin, komaya düşsün, ağır vəziyyətə düşsün, onlar da bundan istifadə etsinlər, Bu, açıq-aydın hiss olunur”.
Lakin məhkəmə T.Yaqublunun sağlıq durumunda ciddi problem yaranmasına yol verməmək üçün onun ev dustaqlığına buraxılması haqda qərar qəbul etdi və beləliklə də T.Yaqublunun səhhəti üzərindən çirkli kampaniya aparanların mənhus planları pozulmuş oldu. Beləliklə, bir insanın, bir qazinin həyatı üzərindən çirkin kampaniya aparan radikallar və xaricdəki “5-ci kolon” üzvləri öz xəbis niyyətlərinə çata bilmədilər. Biz bu prosesdə məhkəmə hakimi ilə bərabər ən vicdanlı, təqdirəlayiq davranışı Adil Qeybullanın timsalında gördük. Adil həkim özü müxalif əhval-ruhiyyəli bir şəxs olsa da, lakin o bu epizodda kimsənin T.Yaqublunun sağlıq durumundan öz siyasi məqsədləri üçün istifadə etməsinə yol vermədi. Bax bu əsl vətəndaş mövqeyi, dövlətçi insan davranışı və Hippokrat prinsiplərinə söykənən peşəkarlıq nümunəsi idi. Biz fürsətdən istifadə edib Adil Qeybullaya təşəkkür edir, Tofiq Yaqubluya isə Allahdan sağlamlıq, gümrahlıq diləyirik. İnşAllah ev dustaqlığı da tezliklə azadlığına qovuşması ilə nəticələnər.
Əlisahib Hüseynov –
Milli Həmrəylik Partiyasının (MHP) sədri