Newscenter.az.21.09.2020. “Ermənistanın Azərbaycana qarşı yeni təxribatlara hazırlaşması, regionda Rusiyanin yeni ssenarisidi. Azərbaycana qarşı çox ciddi təhdidlər var”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyasının sədr müavini? politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, prezident İlham Əliyev yerli TV-lərə müsahibəsində bir neçə məsələyə diqqət çəkdi və Rusiyanın bu oyunda olduğu mesajını vurğuladı:
“Birinci, Azərbaycan ətrafında hansı oyunların getdiyini bildirməklə, Rusiyanin Ermənistana hərbi yardımlarını və müharibəyə hazırlaşdığı mesajını verdi. İkinci, Ermənistana silahların Xəzər sahili ölkələr üzərindən daşınmasını deməklə, Rusiya müdafiə naziri Sergey Şoyqunun :"Tikinti materialları aparırıq":- sözlərini yalanladı. Üçüncü, Rusiyanın Ermənistana açıq silah göndərməsini bildirdi. Dördüncü, artıq beynəlxalq hüququ tanimayacağını vurğuladı. Və faktiki şəkildə müharibənin qapıda olduğunu və bu hücumun Ermənistan tərəfindən gözlənildiyini açıqladı. Göründüyü kimi, Rusiyanin Ermənistanı silahlandırması, danışıqların faktiki dayanması, Ermənistanın yeni əraziləri işğal etmək planı müharibənin başlamasına rəvac verir”.
Politoloq qeyd edib ki, Ermənistan rəhbərliyi işğal olunmuş ərazilərə yeni silahlar və qoşun birləşmələri yığır:
“Rusiyadan göndərilən silahlar Qarabağda cəmləşdirilir. Ermənistan yeni təxribatlara başlayarsa, əsasən hücum Goranboy istiqamətində ola bilər. Azərbaycan qəti şəkildə müdafiə mövqeyində olmamalı, əks hücumla bir neçə rayonu götürməlidir. Müdafiə taktikasına keçdikdə, məğlubiyyət qaçılmaz ola bilər. Ermənistan rəhbərliyinin kəskin ritorikası və yeni ərazilər əldə etmək planı, yeni şərtlər irəli sürməsi, Azərbaycanı qəti hərəkət etməyə sövq edir. Demək olar ki, Minsk formati fiaskoya uğrayıb. Çünki, Ermənistan və Rusiya tandemi münaqişənin həllində maraqlı deyil. Ermənistan yeni ərazilər hesabına "Azərbaycanı faktla barışmalı" olduğu tezisiylə hərəkət edir”.
Məhəmməd Əsədullazadə onu da bildirib ki, artıq Türkiyə administrasiyası Azərbaycana qarşı hücumda rəsmi Bakının yanında olacağını bəyan etdi:
“Bu, Azərbaycana qarşı Ermənistan və onu bu vəkalət müharibəsində alət edən Rusiyaya bir mesaj idi. Türkiyənin bu bəyanatı, vəziyyətin mürəkkəb olduğunu göstərir. Və yeni müharibə başlasa, Türkiyə prosesdə yer alacaq. Rusiyanın hazırkı siyasəti Azərbaycana qarşı kəskin dəyişib. Görünür, Türkiyənin regiona daxil olması Kremli Azərbaycana qarşı bu siyasətə əl atmağa sövq edib. Nəticədə, Türkiyə-Azərbaycan faktoru bu situasiyadan uğurla çıxacaq. Yeni müharibədə Azərbaycanın torpaq itirməyi olmayacaq”.
Mehman