Newscenter.az.21.09.2020. “İraq, Suriya və Livandan, habelə müharibə və fəlakət zonalarından ermənilərə dəstək adı altında artıq beşinci ildir ki, Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz köçürülmələr davam edir. Əlbəttə ki, bu fakt özlüyündə işğal edilmiş ərazilərə dair beynəlxalq konvensiyalara ziddir”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, lakin beynəlxalq ictimaiyyətdən nəinki Qafqaz regionunun, eləcə də yaxın region ölkələrinin təhlükəsizliyini təhdid edə biləcək daha bir cinayətkar proses həyata keçirilməkdədir:
“Ermənistan işğal edilmiş ərazilərə Yaxın Şərqdən terrorçu qruplaşmaların yaraqlılarını yerləşdirir. Dünya ölkələri, o cümlədən, BMT daxil olmaqla mötəbər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağda terrorçuların yerləşdirilməsi Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin yenidən sərt formada pozulması deməkdir. Məlumatlara görə, Ermənistanın İraqdakı səfiri vasitəçiliyi ilə bu ilin yayında Yerevan hakimiyyəti kürd təşkilatları ilə əlaqə qurub və Dağlıq Qarabağda PKK kürd terror təşkilatının yaraqlılarının yerləşdirilməsi haqda razılaşma əldə edib. Bu razlaşmaya əsasən İraqın şimalından yüzlərlə PKK yaraqlısı Azərbaycanın işğal edilmiş əraziləri istiqamətində yola düşüblər. Qarabağa PKK yaraqlılarının köçürülməsi Ermənistanın Azərbaycanla yeni toqquşmaları başlatmaq, xüsusilə də Azərbaycanla Türkiyə arasında hərbi-texniki əməkdaşlığın genişlənməsindən narahat olan bəzi regional dövlətlərin Qarabağda yeni müharibəyə rəvac vermək niyyətlərini göstərir”.
Deputat bildirib ki, terrorçuların Qarabağa köçürülməsi Ermənistanın yeni müharibə şəraiti yaratmaq planlarını ifşa edir:
“Terroristlərin bu əraziyə köçürülməsi iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gərginliyin artmasına Ermənistan tərəfinin səbəb olduğunu bir daha sübut edir və bu, öz-özlüyündə Azərbaycanın işğal altında olmayan ərazilərinə birbaşa təhlükədir. Bu kimi qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi Ermənistanın münaqişə üzrə mövcud sülh danışıqlarını davam etdirmək niyyətində olmadığını açıq-aşkar göstərir. Çünki PKK döyüşçülərinin Dağlıq Qarabağda yerləşdirilməsi Ermənistanın Azərbaycana qarşı növbəti təxribat hazırlıqları içində olması ehtimalını yüksəldir. Bu vəziyyət ATƏT-in Minsk Qrupunun təcili surətdə məsələyə müdaxiləsini və Ermənistana xəbərdarlıq etməsini, lazım gəldiyi təqdirdə daha sərt addımların atılmasını tələb edir. Əks halda, bu qüvvələrin Dağlıq Qarabağa gətirilməsi yalnız Azərbaycan üçün deyil, eyni zamanda bütün region üçün təhlükə törədir və regiondakı aparıcı ölkələrin tənqidi münasibət bildirməsini vacib edir. Əgər Ermənistanın bu cür məsuliyyətsiz hərəkətlərinə zamanında reaksiya verilməsə, sonrakı eskalasiya proseslərinin məsuliyyəti birbaşa Yerevanın üzərində olacaq”.
Mehman