Newscenter.az.22.09.2020. Azərbaycan-Fransa dövlət və özəl sektoru arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycanın Energetika Nazirliyi ilə Fransa Sahibkarlar Təşkilatı (MEDEF) arasında onlayn görüş keçirilib.
Bu barədə Newscenter.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, nazir müavini Elnur Soltanov və “MEDEF İnternational”ın İcraçı direktoru Filip Qotienin rəhbərliyi və 20-dən çox şirkətin iştirakı ilə keçirilən videokonfransa, həmçinin Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev və Fransanın Azərbaycandakı səfiri Zakari Qros da qatılıb.
“Abşeron” layihəsini enerji sahəsində Azərbaycan-Fransa əməkdaşlığının töhfəsi kimi qiymətləndirən nazir müavini ölkəmizin enerji sektorunun müasir mərhələdə inkişafına dair məlumatları diqqətə çatdırıb. Bərpa olunan enerji, elektroenergetika və enerji səmərəliliyi sahəsində görülən işlərdən, hazırlanmış yeni qanunvericilik bazası və 2030-cu ilə kimi qarşıya qoyulmuş hədəflərdən bəhs edilib. Bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğu qeyd edilib.
Sonra “Azərbaycanda enerji sahəsinə investisiya imkanları” adlı təqdimat nümayiş etdirilib və iş adamlarının sualları cavablandırılıb.
Xatırladaq ki, “MEDEF International” Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir.
Sevinc