Newscenter.az.23.09.2020. “Biz sadəcə ölkə prezidentini seçmirdik, dəyərlərimizi, dinc həyatımızı, suverenlik və müstəqilliyimizi müdafiə edirdik. Bu çərçivədə hələ görüləsi işimiz çoxdur”.
“Report” xəbər verir ki, bunu sentyabrın 23-də 6-cı dəfə Belarus prezidenti kimi and içən Aleksandr Lukaşenko deyib.
Paytaxt Minskdə yerləşən Müstəqillik Sarayında keçirilən andiçmə mərasimində çıxış edən dövlət başçısı bildirib: “Bu təntənəli gündə prezident Vətənə və xalqa sədaqət andını xüsusi hisslərlə içir. Çətin sınaqlardan keçmiş Belarus xalqı ilə qürur duyuram. Prezidentin öz vəzifəsinin icrasına başlaması günü bizim inamlı və taleyüklü qələbəmizin günüdür".
A.Lukaşenko belaruslulara təşəkkür edib: “Sadəcə öz siyasi əqidələrini deyil, həm də talelərini, övladlarının gələcəyini dövlətin siyasi kursu ilə bağlayan, Belarus üçün belə çətin bir dövrdə ölkəyə və xalqına sadiq qalanları tərk etmək haqqım yoxdur. Onlar pandemiya təhlükəsi ilə qəhrəmanlıqla qarşı-qarşıya qalan, ən yaxşı peşəkar və insani keyfiyyətlərə malik olan, cəmiyyətin dezoriyentasiyası zamanı sağlam düşüncəni qoruyan insanlardır. Dövlət qulluqçuları və rütbəlilər dözümlülük, kişilik və möhkəmlik nümayiş ediblər”.
Bundan başqa, A.Lukaşenko nümayişə çıxmayan müəssisə işçilərinin hərəkətlərini təqdir edib: “Seçkisonrası durumda müəssisələrin kollektivləri öz müdrikliklərini göstərərək meydanı deyil, sexdə işləməyi seçdilər”.