Newscenter.az.23.09.2020. “Azərbaycan hərbçiləri yüksək vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq səlnaməsi yaradırlar. Azərbaycan xalqı, hər bir vətəndaş da milli ordumuzun, hərbçilərimizin təəssübünü çəkir, ordumuzun gücünə inanır, ona güvənir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva səsləndirib. O, qeyd edib ki, bu səbəbdən də ordumuz və hərbçilərimizə qarşı inamsızlıq formalaşdırmağa çalışan, yalan, dezinformasiya yayan, onu gözdən salan şəxslər ən sərt şəkildə qınağa layiqdirlər: “Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir”.
Deputat bildirib ki, Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək, hətta işğal altında olan torpaqlarımızı hər an azad etmək qüdrətinə malikdir:
“Bunun bariz nümunəsi kimi 2016-cı il Aprel döyüşləri zamanı düşmənin təxribatının qarşısı uğurla alınmasını, uzun illərdir düşmən nəzarətində olan Lələtəpənin azad edilməsini, 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı ilə ümumi olaraq, on bir min hektarlıq ərazinin azad olunmasını, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət edilməsini, bu il isə Tovuz istiqamətində düşmən təxribatının qarşının qətiyyətlə alınmasını göstərə bilərik. Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi ilə yanaşı, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, onların əməkhaqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir”.
Mehman