Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada koronavirusdan ölənlərin sayı 1 milyona çatır



Newscenter.az.26.09.2020. Pandemiyanın başlanğıcından bəri dünyada 994 313 nəfər koronavirusdan ölüb. Bu isə o deməkdir ki, virusa yoluxanların 4 %-i dünyasını dəyişib.

“Report” “Worldometers”ə istinadən xəbər verir ki, ötən gün 5 818 nəfər pandemiyanın qurbanı olub.

İndiyədək 32 803 482 nəfərə COVID-19 diaqnozu qoyulub. Onların böyük hissəsi – 24 199 670 nəfəri sağalsa da, virusun yayılması səngiməyib. Hazırda dünyada aktiv xəstələrin sayı 7,6 milyonu ötüb.

Dünyada indiyədək ən çox yoluxma faktı sentyabrın 18-də qeydə alınıb – 322 648 yoluxma. Ən çox ölüm halı isə 5 ay öncə – aprelin 17-də baş verib – 8 513 ölüm.

Koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilən 63 939 pasiyentin vəziyyəti kritikdir.

Hazırda koronavirusun ən geniş yayıldığı ölkələr ABŞ (7 245 723), Hindistan (5 908 748) və Braziliyadır (4 692 579). Bu üç ölkə COVID-19-dan ölüm hallarına görə də liderdirlər. Belə ki, ABŞ-da 208 483, Braziliyada 140 709, Hindistanda isə 93 440 ölümcül virusun qurbanı olub.


Azərbaycanla həmsərhəd ölkələrdə isə ən çox yoluxma halı Rusiyada, ölüm faktı isə İranda qeydə alınıb. Rusiyada indiyədək 1 143 571 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 20 225 nəfər vəfat edib, 940 150 nəfər isə sağalıb. İranda pandemiyanın başlanğıcından bəri 443 086 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 25 394 nəfər ölüb, 372 051 nəfər isə sağalıb.

Qonşu Türkiyə, Ermənistan, xüsusilə Gürcüstanda virusun yayılması yenidən sürətlənib. Belə ki, iyulda Türkiyədə yoluxma faktlarının sayında əhəmiyyətli dərəcədə azalma baş versə də, sentyabrda gündəlik yoluxma halları 1 500-dən aşağı düşməyib. Bundan başqa, ölkədə virusdan ölənlərin sayı da kəskin artıb. Gündəlik 15-20 arası ölümün qeydə alındığı iyuldan fərqli olaraq sentyabrda bir gündə vəfat edənlərin sayı 45-74 arasında dəyişib. Türkiyədə indiyədək ümumilikdə 311 455 yoluxma faktı qeydə alınıb. Onlardan 7 858 nəfər ölüb, 273 282 nəfər isə sağalıb.

Ermənistanda koronavirusa yoluxanların sayı 49 000-i ötüb. Son sutkada bu ölkədə 429 yeni yoluxma faktı qeydə alınıb. Sonuncu dəfə virusun belə sürətlə yayılması 2 ay öncə müşahidə olunub. Ermənistanda indiyədək 948 nəfər koronavirusdan ölüb, 43 576 nəfər isə sağalıb. Hazırda ölkədə 4 253 aktiv koronavirus xəstəsi var.

Koronavirusun tüğyan etdiyi dönəmdə dünya ölkələri üçün müsbət nümunəyə çevrilən Gürcüstanda COVID-19-la bağlı vəziyyət getdikcə gərginləşir. Maraqlıdır ki, bu ölkədə hələ avqustun sonunadək ümumi qeydə alınmış yoluxma hallarının sayı 1 500-ü keçmədiyi halda sentyabrda bu rəqəm 3 dəfədən çox artaraq 4 960-a yüksəlib. Gürcüstanda indiyədək 27 nəfər pandemiyanın qurbanı olub. Onların 8-i son 1 həftədə ölüb. Son sutkada Gürcüstanda yoluxanların sayı daha 296 artıb. Eyni dövr ərzində 60 pasiyent sağalıb.

Azərbaycanda isə son həftələrdə yeni yoluxanların sayında gözəçarpan azalma olmasa da, aktiv xəstələrin sayı getdikcə azalır. Belə ki, indiyədək ölkədə 39 895 nəfərdə COVID-19 aşkarlanıb. Onlardan 37 523 nəfər sağalsa da, 585 nəfər vəfat edib. Gündəlik yoluxma hallarının sayı son 50 gündə 200-ü ötməyib. Qeyd edək ki, Azərbaycanda gündəlik rekord yoluxma sayı iyunun 24-də qeydə alınıb – 590. Ölkədə ən çox ölüm halı isə ondan 1 ay sonra - iyulun 21-də qeydə alınıb – 13 ölüm. Hazırda Azərbaycanda 1 812 aktiv koronavirus xəstəsi mövcuddur.
Xəbəri paylaş