Newscenter.az.30.09.2020. Ermənistan və Azərbaycan arasında artan gərginlik Azərbaycan təbii qazının Qərbi Avropaya tədarükü üçün birbaşa risk yaratmır.
“Report”un “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) icraçı direktoru Luka Şipati bildirib.
O, İtaliyanın Milan şəhərində keçirilən enerji konfransı zamanı bildirib ki, xoşbəxtlikdən Cənub Qaz Dəhlizinin son mərhələsi olan boru kəməri kritik sahədən çox uzaqdır.
Onun sözlərinə görə, boru kəmərinin inşası ölkələri birləşdirə biləcək.
L. Şipati bildirib ki, dörd il yarım fəaliyyətdən sonra TAP qarşıdakı aylarda qrafiklə işə başlamalıdır: “İlin sonuna qədər təbii qaz nəql ediləcək və nəhayət Cənub Qaz Dəhlizinin açılışını edə biləcəyik".
O bildirib ki, Azərbaycan qazı tam olaraq istifadə ediləcək.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəməri ilə ilkin mərhələdə ilə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulacaq TAP Yunanıstan, Albaniya əraziləri, Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq.
2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.
Təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın 2020-ci ilin sonlarında nəql ediləcəyi gözlənilir.
TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.