Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan: "Azərbaycana təzyiq edən dövlətlərin hədəfi atəşkəs deyil"



Newscenter.az.14.10.2020. “Öz torpaqlarını azad etmək istəyən Azərbaycan bu vətəndaş cəmiyyətinin (Türkiyə Təbiblər Birliyi nəzərdə tutulur - S.İ.) hədəfi ola bilməz”.

Report xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında bildirib.

Türkiyə lideri deyib ki, ölkəsində 100 minə yaxın erməni var və onlar Türkiyədə rahat yaşayırlar: “Əgər siz erməni hakimiyyətinin yanında yer alsanız, bu millət sizə xoş baxmaz. Ölkəmizdəki ermənilər mənim azərbaycanlı qardaşlarımın öz torpaqlarını azad etmək istəyinə qarşı çıxdı. Azərbaycan torpaqlarını işğaldan azad etmək istəyir. ATƏT-in Minsk qrupunun həmsədrləri 30 ildir məsələni həll edə bilmir. Bir müzakirə 30 il davam edərmi? 30 ildir “oturdular, danışdılar, dağılışdılar”. 30 ildir bunu edirlər. Torpaqları vermədilər, ona görə də iş bu yerə çatıb. Bizə Suriyadan mücahidləri ora göndərdiyimizi deyirlər. Biz belə bir iş görmürük. Biz azərbaycanlı qardaşlarımıza dəstək vermişik, verəcəyik. Ancaq həmsədrlərin Ermənistana verdiyi dəstəyi niyə demirsiniz? Rusiyadan, Fransadan verilən dəstəkləri niyə demirsiniz? Suriyadakı mücahidlərin öz torpaqlarında işləri var. Onların Azərbaycanda işləri yoxdur".

Ərdoğan vurğulayıb ki, Azərbaycana təzyiq edən dövlətlərin hədəfi atəşkəs deyil: "Azərbaycanda mülki vətəndaşların yaşadığı ərazilərin raketlə vurulması göstərir ki, onların hədəfi başqadır. Azərbaycanlı qardaşlarımızın da torpaqlarını işğaldan azad etmək istədiklərini bilirik. Azərbaycanı Türkiyə olaraq bütün varlığımızla müdafiə edib yanında olacağıq”.
Xəbəri paylaş