Newscenter.az.16.10.2020. Azərbaycanın şəhid Milli Qəhrəmanı Tofiq Hüseynovun nəvəsi Azərbaycan əsgərinə maddi dəstək göstərib.
Newscenter.az xəbər verir ki, şəhid babasının adını daşıyan 12 yaşlı Tofiq Hüseynov ailə üzvlərindən xəbərsiz ASAN xidmət-in "Əsgərə məktub” layihəsinə qoşulub. T. Hüseynov layihəyə qoşulmaqla yanaşı, valideynlərindən xəbərsiz möhtəşəm addım atıb. Dediyinə görə, bir neçə aydır ki, şəxsi kassa düzəldib və kassaya yalnız 50 qəpiklik yığırmış. Məqsədi yığdığı pulla özünə fotoaparat almaq olub. Lakin, sonradan 12 yaşlı cəngavər fikrini dəyişib. T. Hüseynov sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində təxribat törətdiyini eşidib və Azərbaycan Ordusunun əks-həmlə hücumuna başladığı barədə məlumatlar alıb. Elə bununla da azyaşlı özünə fotoaparat almaq fikrindən daşınıb. Kassasını götürüb evdən çıxan T. Hüseynov birbaşa 5 saylı Asan Xidmət mərkəzinə yollanıb. T. Hüseynov əsgərə məktub yazandan sonra xidmət əməkdaşlarına yaxınlaşaraq kassasında olan bütün pulları əsgərlərə yardım etmək istədiyini bildirib. Xidmət əməkdaşları 12 yaşlı T. Hüseynovun bu addımını alqışlayıb və onun iştirakı ilə kassa açılıb. Məlum olub ki kassada 103 manat 50 qəpik var. Xidmət əməkdaşları T. Hüseynovu bu fikrindən daşındırmaq istəsə də, alınmayıb. Balaca qəhrəman pulunun hamısını əsgərə göndərmək, həmin pula onların üşüməməsi üçün isti əlcək və corab alınmasını xahiş edib. Azyaşlının xahişi ilə xidmət əməkdaşları 103 manatı qəbul edərək əsgər fonduna göndərib. Balaca Tofiq ASAN xidmət əməkdaşlarına bir arzusunu da çatdırıb. Bildirib ki, torpaqların alınmasını həm də ona görə istəyir ki, adını daşıdığı və ömrü boyu üzünü görmədiyi babası və nənəsinin məzarını ziyarət etsin.
Qeyd edək ki, 1992-ci ildə Xocalı özünümüdafiə batalyonunun komandiri olan, şəhid Milli Qəhrəman Tofiq Hüseynovun ocağında bu gün ikinci qəhrəman Tofiq Hüseynov yetişir. Bu cür qəhrəmanları olan ölkə daim qalib olmalıdır.