Newscenter.az.17.10.2020. İsveç Krallığının Stokolm şəhərindəki Azərbaycan diasporu işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Sergelakaden meydanında icazəli aksiya keçirib.
Newscenter.az-a verilən məlumata görə, aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin təxribatlarına, Gəncə şəhərinin yenidən raket atəşinə tutmasını və nəticədə mülki vətəndaşların, azyaşlıların, qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.
Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının və Azərbaycan İsveç Federasiyasının təşəbbüsü ilə keçirilən aksiyada Stokolmda yaşayan və fəaliyyət göstərən soydaşlarımız iştirak ediblər. Aksiyada çıxış edənlər Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulması, Gəncədə onlarla mülki vətəndaşın, o cümlədən günahsız körpələrin həlak olmasından təəssüf hissi keçirdiklərini bildirib, dünya ictimaiyyətini erməni terroruna göz yummamağa və Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə çağırıblar. Aksiya zamanı üzərində Qarabağ həqiqətlərini əks etdirən lövhənin olduğu maşın meydan ətrafında dövrə vurub.
Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni oxunub. İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Mülki insanlar toxunulmazdır!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” “Ermənistana inanma”“Ermənistanın işğalına son!” “Ermənistanın təcavüzünə son” “Erməni terroruna son” və s. şüarlar səsləndirib.
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.