Newscenter.az.23.10.2020. İRS-Azərbaycan Gənclər Təşkilatının təşəbbüsü ilə Estoniyanın Tallin şəhərində yaşayan soydaşlarımız Azadlıq meydanında icazəli etiraz aksiyası keçirib.
Newscenter.az xəbər verir ki, aksiyada Ermənistan Ordusunun Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini dəfələrlə raket atəşinə tutmasının beynəlxalq hümanitar huquqa zidd olduğu bir daha vurğulanıb. Aksiya iştirakçıları mülki şəxslərin Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə hədəfə alındığını, nəticədə günahsız insanların həlak olduğunu Estoniya ictimaiyyətinin diqqətinə çatdırıblar. Soydaşlarımız Ermənistanın təcavüzkar və terrorçu siyasətinə son qoyması üçün Estoniya hökümətini, eləcə də Estoniya ictimaiyyətini erməni vəşhiliyinə biganə qalmamağa səsləyiblər.
Aksiya zamanı Gəncə terrorunun qurbanı olan mülki şəxslərin xatirəsini yad etmək üçün onların şəkilləri önünə gül dəstələri və oyuncaqlar qoyulub.
Aksiyada eston və ingilis dillərində “Qarabağ Azərbaycanındır!”, “Biz terrora yox deyirik!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Gəncə üçün dua et!”, “Azərbaycan ədalət tələb edir”, “Aqressiyaya son!”, “Erməni yalanlarına son”, “Erməni terroruna yox deyirik!”, “Uşaq ölümünə yox deyirik”, “BMT qətnamələrinə əməl et”, “Terrorizmin maliyyələşdirilməsinə son !”, “İşğalçı dövləti dəstəkləməyin” kimi şuarlar səsləndirilib.
“Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev Estoniya Dövlət Televiziyasına Qarabağ həqiqətləri və Gəncə terroru barədə müsahibə verib.