Newscenter.az.29.10.2020. Bu gün Cənab Prezidentin söylədiyi kimi Azərbaycan xalqı üçün dostunu və düşmənini tanıdığı gündür. 30 il davam edən Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi sentyabr ayının 27-dən etibarən müharibə yolundan başqa məsələnin ədalətli həllinə dair bir yol qoymamışdır.
Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərdən çıxış edərək əzəli, tarixi torpağı olan Dağlıq Qarabağın geri qaytarılması, dünyanın nüfuzlu təşkilatları və beynəlxalq hüquq tərəfindən tanınan suverenliyinin bərpasına başlamışdır. Bu, Azərbaycan üçün elan olunduğu kimi, Vətən müharibəsidir və bu müharibə Azərbaycanın haqqa, ədalətə, bütün beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə uyğun formada aparılmaqdadır. Baxmayaraq ki, 1993-cü ildə qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmayaraq kağız üzərində qalmışdır, Azərbaycan BMT-nin nümunəvi üzv dövləti olaraq bu qətnamələrin icrasını təkbaşına həyata keçirməkdədir.
Bu gün biz müharibə zamanı insan hüquqları, uşaq hüquqları, habelə dinc, mülki şəxslərin günahsız yerə öldürülməsi, xüsusilə də Azərbaycan cəmiyyətində qəzəb və ikrah hissi doğuran onlarla günahsız uşaqlarımızın ölməsi, valideynsiz qalması kimi faktları əllərində əsas tutaraq xüsusi hesabatlar hazırlayıb dünyaya bəyan etməli olan nüfuzlu beynəlxalq təşkilatların bütün baş verənlərə susması, laqeyd qalması, bir çox hallarda isə birtərəfli, riyakar mövqe tutması, gördüyümüz tərəfkeşlik, haqqı nahaqqa qurban vermək hallarını təəssüf hissi ilə müşahidə edirik. Halbuki, həmin beynəlxalq təşkilatların. Ermənistanda fəaliyyət göstərən nümayəndəlikləri Azərbaycandakılardan fərqli olaraq öz işlərini operativ və beynəlxalq qaydalara uyğun qurmağı yaddan çıxarmamışlar.
Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlar, habelə beynəlxalq institutlar ilə səmərəli, işgüzar, qarşılıqlı münasibətlər yaradaraq, onlara müəyyən olunmuş çərçivədən də artıq hörmətlə yanaşmışdır.
Azərbaycanda akkreditə olunmuş bütün beynəlxalq təşkilatlar hər zaman Azərbaycan dövlətinin diqqətində olmuş və birgə əməkdaşlıq çərçivəsində qlobal, regional, milli hədəfləri nəzərdə tutan layihələri uğurla icra etmişlər. Azərbaycan dövləti demək olar ki, əksər beynəlxalq təşkilatların layihələrində donor qismində çıxış etmiş, istər institusional, istər təşkilati, istərsə də digər resurslarla hər zaman kömək göstərmişdir.
Son on ildə Azərbaycan həyata keçirilən qlobal təşəbbüslərə ev sahibliyi etməklə beynəlxalq təşkilatların məqsədlərinə çatmaları üçün hərtərəfli diqqət nümayiş etdirmişdir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın nümunəvi üzv dövlət olduğuna dair müxtəlif vaxtlarda bəyanatlarla çıxış etmişlər. Xüsusilə, BMT və onun alt strukturları hər zaman Azərbaycanın yanında olacaqlarına söz vermişlər.
Lakin, 04, 11 və 17 oktyabr tarixlərində Gəncə şəhərinə raket atəşi nəticəsində 25 nəfərin həlak olması və 139 nəfərin yaralanması, 27-28 oktyabrda isə Bərdəyə raket atəşi nəticəsində 30-a yaxın şəxsin həlak olması, 80-dən çox insanın yaralanması, münaqişə zonasından tamamilə kənarda olan dinc əhalinin, uşaqların ölməsi faktlarını praktiki olaraq öz gözləri ilə görmək və bütün bu faktları öz səlahiyyətləri və mandatları çərçivəsində təmsil etdikləri dövlətlərə və beynəlxalq təşkilatlara çatdırılmasını təmin etmək məqsədilə hökumətimiz tərəfindən Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri üçün dərhal səfərlər təşkil olundu.
Qeyd etmək istəyirəm ki, bu beynəlxalq təşkilatların öhdəliyi və vəzifə borcu məhz ixtisaslaşdırılmış sahələrdə qısamüddətli hesabatlar hazırlamaq və dünyaya bəyan etməkdir. Beynəlxalq təşkilatlarda uzun müddət fəaliyyət göstərən bir şəxs kimi Gəncədə, Bərdədə və digər rayonlarımızda mülki insanlara qarşı vəhşiliyə dair hər hansı ciddi, haqqa-ədalətə söykənən sənədlərə rast gəlmədim.
Bu gün BMT-nin Uşaq Fondu (UNICEF) dünyada uşaqlara qarşı olan zorakılığa, müharibədən əziyyət çəkən uşaqlara dair bütün cinayət faktorlarını qeydə alır və illik hesabata salır. Lakin, UNICEF-in Azərbaycanda akkreditə olunmuş nümayəndəliyinin bu istiqamətdə fəaliyyətini əks etdirən sənədə rast gəlmədik.
Bu bir daha Azərbaycanın bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətinə yenidən baxılması zərurətini gündəmə gətirir. Ölkəmizdə 20 ildən artıq bir müddət ərzində fəaliyyət göstərən beynəlxalq təşkilatlara bir daha çağırış edərək, onları Azərbaycanda öz gözləri ilə gördükləri həqiqətlərə, haqqa, ədalətə biganə qalmamağa və öz mandatları çərçivəsində baş verənlərə düzgün, səlis və vicdanla yanaşmağa səsləyirəm.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı