Newscenter.az.2.11.2020. Qardaş Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bu gün növbəti dəfə ölkəmizə işgüzar səfərə gəlməsi və onun həm özünün Tvitter mikrobloqunda yazdığı, həm də Prezident İlham Əliyevin qəbulunda olarkən səsləndirdiyi fikirlər Qarabağ müharibəsinin həlledici mərhələyə daxil olduğu bu həssas günlərdə Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəs edir.
Çavuşoğlu bildirib ki, "Can Azərbaycana güclü dəstəyimizi yeniləmək, Dağlıq Qarabağa dair son vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq üçün bir daha Bakıda, qardaşlarımızın yanındayıq”. Bəli, dəstəyi yeniləmək çox önəmlidir. İşğalçı Ermənistan və onun havadarları Azərbaycanla Türkiyənin birliyinin sözdə deyil, əməldə mövcud olduğunu görməli və bundan özləri üçün nəticə çıxarmalıdırlar.
Qardaş ölkənin XİN rəhbəri bildirib ki, Cümhurbaşqanının (yəni ki, Ərdoğanın) onlara bir tapşırığı var: “Bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır. Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq".
Ərdoğanın bu tapşırığı da Türkiyənin öz düşmənlərinə əzələ nümayiş etdirməsi ilə bərabər, həm də bizə verilən real dəstəyin ifadəsidir.
Çavuşoğlu onu da qeyd edib ki, Ermənistanın hazırki qeyri-konstruktiv davranışlarının cavabı olaraq biz də öz aramızda həmrəyliyimizi və müdafiə gücümüzü daha da artıracağıq: "Ermənistanın nə etdiyini və atəşkəsi hər dəfə pozduğunu hər kəs görür. Amma bunu söyləmək istəməyən çoxdur, biz bunu bilirik. Bu səbəbdən də biz öz aramızdakı həmrəyliyi daha da gücləndirərək haqqımızı müdafiə etməkdə davam edəcəyik”.
Çavuşoğlunun Bakıda bu fikirləri səsləndirməsi bizim Qarabağ məsələmizin həlli prosesindəki mövqeyimizi daha da möhkəmləndirir və eyni zamanda Türkiyənin prosesdə rolunu artırır. İndi həm işğalçı Ermənistan, həm də Güney Qafqazda geosiyasi maraqları olan böyük güclər Türkiyənin dünyadakı nüfuzu və bölgədə söz sahibi olması faktı ilə hesablaşmağa məcburdurlar.
Əlisahib Hüseynov-Milli Həmrəylik Partiyasının sədri