Newscenter.az.2.11.2020. İllərdir ki, Ermənistan Azərbaycana qarşı davamlı və məqsədyönlü şəkildə təxribatlar törədir. Təbii ki, bu təxribatların cavabı lazımi şəkildə verilir. Artıq yaxın aylarda bu təxribatların sayı 3-ə çatmışdır. İlk hərbi təxribat iyul ayında törədilmişdir. İkinci hərbi təxribat avqust ayında baş vermiş, Ermənistan qətllər törətmək üçün diversiya qrupu göndərmişdir. Üçüncü hərbi təxribat sentyabrın 27-də törədilmiş, erməni tərəfi təmas xəttinə yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutmuşdur. Təbii ki, bu hallar ilk Ermənistan tərəfdən baş vermiş yəni, ilk atəşi onlar açmışlar. Mülki şəxslər və hərbçilər arasında ilk qurbanlarını Azərbaycan vermişdir. Bu birmənalı şəkildə həmişə belə olmuşdur. Biz heçbir zaman şiddətə, müharibəyə həvəsli olmamışıq. Elə buna görə də üç dəfə atəşkəsə razılıq vermiş, məsələnin həllini danışıqlar masasında, siyasi yolla həll etmək istəmişik. Lakin faşist rejimli Ermənistan hər dəfə atəşkəs rejimini pozmuş, bizim digər rayonlarımızı artilleriya atəşinə tutmuş, günahsız mülki vətəndaşlarımızı qətlə yetirmişdir. Biz daim düşmənə cavabımızı döyüş meydanında vermişik və veririk. Azərbaycan daim sülh planına sadiq olub.
Təəssüflər olsun ki, Ermənistan tərəfi sülhə qarşı olduğu kimi, danışıqlar masasında da bütün cəhdləri vasitəçiləri və bizi aldatmaq olmuşdur. Elə buna görədə illərdir davam edən danışıqlar heç bir nəticə verməmişdir. Azad edilmiş torpaqlarımızda qurulmuş istehkam qurğularıda onu göstərir ki, onların bu əraziləri tərk etmək niyyətləri olmayıb. Biz hal-hazırda hücumdan çox, özümüzü müdafiə edirik. Nə qədər müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik. Bunun üçün bizim kifayət qədər ordumuz, silah-sursatımız var və bunlarıda döyüş meydanında istifadə edirik. Azərbaycanın məhv etdiyi və qənimət kimi götürdüyü sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir? Ermənistan kasıb ölkələr siahısındadır. Onların büdcəsi 2 milyard dollardan azdır, xarici borcu isə 8 milyard dollardır. Buna baxmayaraq belə Azərbaycan bütün gücü ilə öz torpaqlarını işğaldan azad edir. Biz haqq savaşındayıq. İşğalda olan şəhərlərimizi, kəndlərimizi bir-bir azad edir orada öz bayrağımızı ucaldırıq. Ermənistanın sonuncu təxribatından, yəni sentyabrın 27-dən oktyabrın 31-dək Baş Prokurorluğun məlumatına görə 91 nəfər mülki şəxs həlak olub, 404 nəfər isə yaralanıb. Ermənistanın intensiv ağır artilleriya və raket atəşi nəticəsində 265 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb.
Bu günə qədər ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi səmərəli olmayıb. Buna görə də Azərbaycan daha güclü ola biləcək bəzi başqa vasitəçilər barədə düşünməyə bilməz. 27 ildir BMT-nin Təhlükəsizlik Şurasının verdiyi qətnamələrə hələdə əməl olunmayıb. Lakin biz özümüz bu ədaləti bərpa edir, kağız üzərində qalan qətnamələri icra edirik. Azərbaycan istənilən halda öz torpaqlarını yağı düşmən əlindən azad edəcək. Bu yolda Azərbaycana çoxlu təzyiqlər var. Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları baş verən hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Bu açıq şəkildə bizə qarşı yönəlmiş qərəzli mövqedir. “Amnesty İnternational”, “Human Rights Watch” təşiklatları müharibə başlayan zaman Azərbaycana gəlməkdən imtina etmişdirlər, lakin sonra cənab Prezident İlham Əliyevin israrlı dəvəti ilə onların buraya gəlməsi mümkün olmuşdur.
Bu müharibənin sonlanması yalnız Azərbaycanın irəli sürdüyü şərtlər qəbul olunarsa ola bilər. Yeddi rayon Azərbaycana qaytarılmalıdır. Ermənilər heç bir zaman bu rayonlarda yaşamayıblar. Dağlıq Qarabağdan qovulmuş, hazırda sayı 65 mindən çox olan azərbaycanlı icması ora qaytarılmalıdır. Azərbaycan muxtariyyət təklif edən zaman ermənilər bunu rədd edir, müstəqillik tələb edirdilər. Lakin indi reallıqlar dəyişib. 27 il ərzində Azərbaycanın Ermənistan tərəfinə təklif etdikləri, artıq öz qüvvəsini itirib. İndi muxtariyyət verilməyə bilər, müzakirələr hələ başlamayıb. Mərhələli həll planına əsasən, birinci mərhələdə boşaldılması nəzərdə tutulan beş rayon işğaldan azad edilib. Ona görə də həmin plan köhnəlmiş sayılır. Asan olmasa da azərbaycanlılar və ermənilər birgə yaşamalıdırlar. Biz buna öyrəşməliyik. Müharibənin dayandırmağın yeganə yolu Ermənistanın öz məğlubiyyətini, bizim qələbəmizi qəbul etməsi və ərazilərin bir hissəsinin boşaldılması barədə öhtəlik götürməsidir.
Biz indiyədək döyüşü yalnız özümüz aparmışıq. Elə buna görə də hər hansı üçüncü ölkənin bu münaqişəyə cəlb olunmasını istəmirik. Ermənistanla Azərbaycan arasında gedən döyüşdən hər kəs kənarda dayanmalıdır. Qarabağ bizim üçün çox dəyərlidir. Bura beynəlxalq səviyydədə tanınan bizim torpaqlardır. Avropa ölkələrinin beynəlxalq hüquqla tanınan ölkələri onlar üçün nə qədər mühümdürsə, Dağlıq Qarabağda bizim üçün o qədər mühümdür. Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir. Parlament seçkilərindən əvvəl Azərbaycanda siyasi əməkdaşlığın yeni prosesinə start verilib. Biz müasir, yeni siyasi prosesə başladıq. Prezidentin təşəbbüsü ilə praktiki əməkdaşlığa başlamaq üçün bütün siyasi partiyalara açıq şəkildə müraciət edilmiş, mövcüd 52 real siyasi partiyadan 50-si bunu dəstəkləmiş, yalnız iki partiya çağırışa cavab verməmişdir. Bu da onların çox yalnış mövqedə olduğlarının açıq sübutudur. Azərbaycanda siyasi dialoq mühiti var. Azərbaycanda siyasi ittiham irəli sürülmüş heç kim həbs edilməyib. Dövlətimiz hər bir tərəfdən yüksəlişə doğru getməkdədir. Azərbaycanın pandemiya dövründə də iqtisadi göstəriciləri normal olmuşdur. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Bu avropa ölkələrinə nisbətən çox aşağı göstəricidir. Azərbaycanın konvertasiya oluna bilən valyuta ehiyyatları xarici borcundan 6 dəfə çoxdur. İqtisadi göstəricilər regionda ən yaxşı bizdə olduğunu göstərir, sosial göstəricilər Avropanın bəzi ölkələrindən belə yaxşıdır. Bizim hal-hazırda heç bir ciddi daxili problemimiz yoxdur. Biz heç bir zaman özümüzü demokratiya nümunəsi kimi göstərmirik. Cənab Prezidentimiz dediyi kimi : Özlərini demokratiya nümunəsi kimi göstərən ölkələrdə etirazçıları qətlə yetirirlər. Avropada etirazçıları atlarla döyür, itləri gətirir və bu demokratiya hesab olunur.
“Sarı jiletlilər”in nümayişləri 17 noyabr 2018-ci ildən başlanıb. Etirazlardan keçən müddət ərzində polislə qarşıdurmada 10-dan çox adam qətlə yetirilib, 26 nəfər gözünü itirib, 5-inin əli qopub və daha 2200 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Lakin Azərbaycanda daxilim nizam-intizam daim öz yerindədir və bizdə söz azadlığı vardır. Bizim siyasi-iqtisadi göstəricilərimiz daim inkişaf etməkdədir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Eldəniz Səlimov-Milli Məclisin deputatı