Newscenter.az.2.11.2020. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında yer alan sosial infrastruktur layihələri arasında mühüm yer tutan və birbaşa olaraq sənayenin, kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxaran yol infrastrukturunun yenidən qurulması ilə bağlı məsələlərin həlli istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Ucar rayonunda 7 mindən artıq əhalinin istifadə etdiyi avtomobil yollarının yenidən qurulması yekunlaşmaq üzrədir.
Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olan məlumata görə, Ucar rayonunda Müsüslü-Təzə Şilyan-Bərgüşad-Bağban-Yuxarı Şilyan-Boyat-Qazyan marşrutu üzrə 3 yaşayış məntəqəsini – Müsüslü, Təzə Şilyan və Boyat kəndlərinin yollarını əhatə edir. Ümumilikdə 21.4 km uzunluğa malik sözügedən yollarının IV texniki dərəcəyə uyğun yenidən qurulması bitmək üzrədir.
Tikinti layihəsinə uyğun olaraq, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılıb və kənara daşınıb, torpaq yatağının bərpası və relyefdən aşağı olan hissələrin qaldırılması üçün yol boyu yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Bunun ardınca normativ qalınlıqda yol əsasının alt layının qum-çınqıl, üst layının isə optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılıb. Bu işlər 220 min kv.m sahəni əhatə edib.
Qeyd edək ki, Müsüslü, Təzə Şilyan və Boyat kəndlərinin avtomobil yolları 3 yaşayış məntəqəsinin 7 mindən artıq əhalisinin, həmçinin bu yoldan istifadə edən vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və təhlükəsiz şəkildə çıxışına imkan yaratmaqla rayon mərkəzinə və ölkənin istənilən istiqamətinə gediş-gəlişinə şarait yaradacaq, kənd təsərrüfatı məhsullarının bazarlara tez və xarab olmadan daşınmasının həcmi artacaq.
Anar