Newscenter.az.7.11.2020. Hazırda ölkəmiz olduqca həssas, bir o qədər də tarixi günlər yaşayır. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda bir çox gənc istər könüllü əssaslarda, istərsə də hərbi çağırışa əsasən orduya cəlb olunub. Lakin orduda vətənimizin ərazi bütövlüyü uğrunda savaşan əsgərlər arasında ailələrinin yaşayışını təmin edən gənclər də yer alır.
Newscenter.az-a Gənclər Təşkilatları Milli Şurasından daxil olan məlumata görə, gənclərimiz əsgər ailələrinə biganə qalmamış, birlik nümayiş etdirərək Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə əsgər və şəhid ailələrinə humanitar yardım paketlərinin paylanılmasına başlamışdır.
Yardım aksiyasının əsas məqsədi muzdlu əsaslarla fəaliyyət göstərərək ailəsinin maddi ehtiyyaclarını təmin edən və hazırda qismən səfərbərlik şəraitində ordu sıralarına qoşulmuş əsgərləri müəyyənləşdirərək ailələrinin zəruri qida məhsullarında ibarət sosial yardım paketləri ilə təmin olunmasıdır. Sosial yardım aksiyası çərçivəsində torpaqlarımız uğrunda şəhid olmuş əsgərlərimizin ailələrinə də dəstək olunur.
Paytaxt və regionları əhatə edən humanitar yardım çərçivəsində artıq paytaxt ərazisində 30 ailəyə paketlər təqdim olunub. Qeyd edək ki, yaxın günlərdə bu proses Sumqayıt, Gəncə, Şəmkir, Tovuz, Naftalan, Neftçala, Bərdə, Xaçmaz, Salyan, Qəbələ, Balakən, Qax, Ağsu, Sabirabad, Ucar, Goranboy, Samux, Göyçay regionlarında da davam edəcək.
Bir daha sübut olundu ki, Vətən müharibəsində gənclərimiz daha da həmrəydir.
Biz birlikdə güclüyük!
Sevinc