Newscenter.az.8.11.2020. Azərbaycan öz tarixi torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda haqq mübarizəsini çox inamla həyata keçirir. Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Bu gün isə Azərbaycan xalqı bayram edir, tarixi və qürurla anlar yaşayır.
Düz iyirmi səkkiz il bundan öncə Ermənistan silahlı qüvvələri Azərbaycanın dilbər güşəsi olan Şuşaya hücum etdilər. Nəticədə 1992-ci il mayın 8-də Azərbaycanın musiqi, mədəniyyət ocağı olan Şuşa şəhəri dünyanın bəzi aparıcı dövlətlərinin məzlum xalq kimi tanıdıqları, əslində nəinki xalqımıza, bütün insanlığa qarşı terror siyasəti həyata keçirən məkrli ermənilər tərəfindən işğal olundu. Bu gün isə 08 noyabr 2020-ci il tarixdə Şanlı Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında haqlı mübarizəmizin ən parlaq nöqtəsi olan Azərbaycanın incisi, Qarabağın mirvarisi Şuşanı düşmən tapdağından azad edərək qızıl hərflərlə yeni tarix yazdı.
Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, əziz Şuşa artıq azaddır, biz Şuşaya qayıtmışıq, biz Şuşanı dirçəldəcəyik. Biz əmin idik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, ölkənin gücü, iqtisadi inkişafı, dünya birliyində yeri və şanlı Azərbaycan ordusu şuşalıları tezliklə Şuşaya qaytaracaq. Və budur artıq tarixi ədalət bərpa olundu. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da, doğma Şuşamızda da dalğalanmaqdadır. Başda Ali Baş Komandanımız olmaqla bu qələbə sevincini bizə yaşadan hər kəsin qarşısında baş əyir, bu şanlı qələbədə həyatını qurban verən şəhidlərimizə Allah rəhmət etsin deyirik.
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı