Newscenter.az.8.11.2020. Qan yaddaşımızın bir parçası olan, mədəniyyət paytaxtımız sayılan qədim Şuşa şəhərimizin işğaldan azad edilməsi münasibətilə bir daha hamınızı təbrik edirəm.
Mən Azərbaycan Ordusunun bunu bacaracağına zərrə qədər də şübhə etmirdim. Əmin idim, çox əmin idim ki, qəhrəman əsgərlərimiz bunu bacaracaqlar. Çünki mən savaş tariximizi yaxşı bilirəm. Savaş tariximiz qəhrəmanlıqlarla dolu tarixdir. Bu cür fədakar və qəhrəman əsgərləri olan bir Ordunun torpaqları əbədi olaraq işğal altında qala bilməzdi, qalmadı da.
Milli Ordusunu qurmuş, Ordu-Millət olmuş, öz içində ölümü öldürmüş, Qələbəyə köklənmiş qeyrətli xalqımızı və Ali Baş Komandanımızı Allahdan başqa kimsə durdura bilməzdi. Bu xalq düz 30 il səbr etdi. Lakin ermənilərin 30 illik "sülhsevərlik" imitasiyasından, ATƏT-in vasitəçilərinin xalqımızı illər boyu aldatmalarından sonra hər biri bir aslan parçası olan əsgərlərimiz haqqımızı bərpa etmək üçün yola çıxdılar.
Bu gün Şuşanın işğaldan azad edilməsi məhz rəşadətli Ordumuzun və müzəffər Ali Baş Komandanımızın döyüşkənliyi, əzmi, qətiyyəti sayəsində mümkün oldu.
Şuşa nəinki Qarabağın, nəinki Azərbaycanın, hətta bütün Qafqazın incisi sayılır. Bunu Prezident İlham Əliyev də bu gün xalqa müraciətində qeyd etdi. Şuşa bütün azərbaycanlılar üçün ruh ocağı, mənəvi Məkkə anlamını daşıyır. Budur, artıq üçrəngli Bayrağımız Şuşamızın hər yanında dalğalanır.
Gözün aydın, Azərbaycan xalqı! Gözünüz aydın olsun, əziz şuşalılar! Gözəllər gözəli Şuşamız, azadlığın mübarək! Bütöv Azərbaycan ailəsinə yenidən xoş gəldin!
Biz bu gün hamımız şuşalı olduq. Hamımızın ürəklərimiz Şuşa sevgisi ilə döyündü.
Bu günü bizə nəsib edən Uca Allahımız, hökmünə, ədalətinə min şükür!
Torpağımızın hər qarışı uğrunda, o cümlədən Şuşa uğrunda canlarını fəda edən əziz şəhidlərimizin ruhları şad olsun. Onların mübarək ruhları qarşısında baş əyirik!
Bu Qələbənin dadını bizə dadızdırmaq naminə soyuğa, yağışa baxmayan, dağlı-dərəli cəbhə yollarında min bir əziyyətə sinə gərən, yaralansa da belə vuruşmağa davam edən qəhrəman əsgər və zabitlərimizin alnından öpürəm. Allah sizi qorusun, igidlər!
Bizə bu tükənməz sevinci yaşadan mübariz və müdrik Ali Baş Komandanımıza eşq olsun! Siz ən xoş sözlərə, alqışlara layiqsiniz, cənab Prezident! Sizi və bütün hərbçilərimizi təbrik edirik!
Siz bu gün tarix yazdınız. İnşAllah bütün Qarabağ torpaqları işğaldan azad ediləndə bu tarixə şanlı möhürünüzü vuracaqsınız. Allah sizə Yar olsun!
Qarabağ Azərbaycandır!
Əlisahib Hüseynov -
Milli Həmrəylik Partiyasının (MHP) sədri