Newscenter.az.8.11.2020. Azərbaycan işğalçı Ermənistan tərəfindən münaqişənin başlandığı 1988-ci ildən 1994-cü ilin mayına qədər olan 6 il ərzində maksimum hərbi və siyasi dəstəklə işğal etdiyi torpaqların əhəmiyyətli və ən mürəkkəb hissəsini təxminən 40 gün müddətində qaytarmağa nail oldu. Bu bizim üçün çox böyük və əvəzolunmaz qələbə olmaqla yanaşı, mənfur düşmən üçün bir o qədər də sarsıdıcı məğlubiyyətdir.
Şuşanın alınması, onun strateji və coğrafi mövqeyi baxımından azad etdiyimiz digər ərazilərimizlə müqayisə olunmamalıdır. Bunu qarşı tərəf və onların cinayətkar rəhbərliyi də yaxşı anlayır. Buna görə də, düşünürəm ki, hərtərəfli darmadağın olunmuş Paşinyanın ağılsız və pafoslu çıxışları artıq absurddur.
Düşmən, qalib Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin danışıqlarla bağlı şərtlərinə diqqətlə yanaşmalı və həyati əhəmiyyət qədər ciddi qəbul etməlidir. Çünki, artıq demək olar ki, şansları bitmək üzrə olan düşmən, bu cür xəbərdarlıqları ciddiyə almağı gecikdirdikcə, onlara münasibətdə məğlubiyyətin miqyası və nəticələri bir o qədər dəhşətli və ağır olacaqdır.
İstənilən müharibənin sonu danışıqlar və sülh prosesi ilə nəticələnməlidir. Ancaq ola bilər ki, işğalçı Ermənistan bu prinsipə arxalanıb yeni pafoslu bəyanatlarla davam etmək fikrinə düşsə, tarixdə bir tərəfin tamamilə məhvinə və xəritədən silinməsinə gətirib çıxaran müharibələr də az olmayıb.
Hər bir halda düşünürəm ki, Şuşa zərbəsindən və məğlubiyyətindən sonra Ermənistanın özü də olmasa, havadarları işğalçı rejimə vəziyyətin ciddiliyini başa salacaqlar. Həm müharibə meydanında, həm də siyasi və diplomatik meydanda sarsıdıcı zərbə alaraq darmadağın olmuş düşmən artıq Azərbaycanın bütün şərtlərini qəbul etməyə razı olacaq.
Bununla belə düşmənin təhlükəliliyini, namərdliyini və hiyləgərliyini bir an olsun belə unutmamalıyıq. Ona görə də, Azərbaycan tərəfinin əsas şərti olan qalan ətraf rayonlarımızın boşaldılması ilə bağlı şərtin yerinə yetirilməsi üçün düşmənə çox az vaxt verilməlidir. Düşünürəm ki, real zaman olaraq maksimum bir ay.
Bir ay bu proses üçün çox böyük vaxtdır və Azərbaycan Ordusu sübut elədi ki, bir ay ərzində hətta zorla belə, nə qədər əraziləri boşaltmaq mümkündür!
Onu da nəzərə almaq lazımdır ki, bu dəqiqə ölümcül yaralanmış zəhərli Ermənistana mümkün qədər çox vaxt lazımdır. Yaralarını sarımağa onlara çox vaxtın verilməsi böyük səhv olacaq. Eyni zamanda, bu qısa müddətdə də, Azərbaycan əsgərinin barmağı fasiləsiz olaraq silahın tətiyində olmaqla yanaşı, həm münaqişə ərasizində, həm də işğalçı Ermənistanın daxilində, onunla dəstəkçiləri arasında gedən gizli proseslərə ciddi müşahidə edilməlidir.
Əgər o ərazilər verilmiş vaxt ərzində boşaldılacaqsa, ondan sonra yekun məsələlərin həlli üçün masaya oturmaq mümkündür. Ancaq bu masa, həmişəki 30 ilin masası olmayacaq. O masanın yeri də, masanın rəngi də, ətrafındakı stulların sayı da, hətta masadakı qələm və vərəqlər də Azərbaycanın diktəsi ilə seçiləcək!
Əks halda, Azərbaycan ordusu Prezident İlham Əliyevin dediyi kimi əməliyyatları uğurla davam etdirməyə, hələ də işğalda qalan hər bir məntəqəmizdə düşmənin başına dəmir yumruq zərbələri vurmağa daha çox həvəslidir!
Uca Tanrı möhtəşəm Azərbaycan Ordusunu və onun Ali Baş Komandanını qorusun!
Xəyal Bəşirov-siyasi ekspert