Newscenter.az.12.11.2020. "Koronavirus (COVID-19) pandemiyasının davam etməsini və Qarabağdakı vəziyyəti nəzərə alsaq hazırda turizm sektorunda canlanmadan danışa bilmərik".
Bunu “Report”a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.
"Pandemiya turistik bölgələrə gediş-gəlişi məhdudlaşdırıb"
"Pandemiyanın 2-ci dalğasının gəlməsi nəticəsində regionlara gediş-gəliş məhdudlaşdırılıb. Giriş-çıxışın bağlandığı yerlərin çoxu turistik bölgələrdir. Odur ki, qış turizminin canlanması müşahidə edilmir. Baxmayaraq ki, insanların istirahət etmək istəyi var, amma mövcud şərait buna imkan vermir. Koronavirusa yoluxmaların sayı azalsa, regionlara gediş-gəliş artsa, qış turizmindən danışa biləcəyik", - deyə o, qeyd edib.
Ə.Qurbanovun sözlərinə görə, hazırda ölkə vətəndaşlarının xaricdə istirahət imkanları da məhdudddur: "Bildiyiniz ki, yalnız Türkiyə istiqamətində aviareyslər var. İnsanlar müəyyən şərtlərə daxilində xaricə uça bilirlər. Odur ki, xaricdə istirahət planlaşdıranların sayı azdır".
"Qarabağla bağlı planlarımız var"
AzTA sədri rəhbərlik etdiyi qurumun Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə bağlı planlarının olduğunu da deyib: "Qarabağda infrastruktur qurulduqdan sonra həmin ərazilərin turizm baxımından səmərə olacağını gözləyirik. Ölkə prezidenti də çıxışında bu məsələlərə toxunub. Yəgin ki, yaxın gələcəkdə həm yerli, həm də xarici turistlərin ora axınının şahidi olacağıq. İşğaldan azad edilmiş ərazilərin iqlim şəraitini nəzərə alaıb orada bütün turizm növlərini inkişaf etdirə bilərik”.
Onun sözlərinə görə, artıq bu istiqamətdə bəzi addımlar atılır: "Məsələn, biz artıq yeni bir layihəyə başlamışıq və işçi qrupu yaratmışıq. Qrupa daxil olan turizm ekspertləri Qarabağın turizm potensialının öyrənilməsi və reallaşdırılması istiqamətində çalışacaq. Yeni turizm marşrutları işlənib-hazırlanacaq. Bildiyiniz kimi, bura müharibədən çıxmış bölgədir. Hələlik turistlərə müharibənin qalıqlarını - vurulmuş tank və s. nümayiş etdirmək olar, xüsusi lövhələrlə turistlərdə Qarabağın işğal müddəti ilə bağlı təsəvvür yaratmaq olar".
"Gələn ilin mart ayına qədər gözləməliyik"
Azərbaycandakı turizm şirkətlərindən birinin rəhbəri Aqil Ağalarov isə sektorun canlanması üçün gələn ilin mart ayına qədər gözləməli olduqlarını bildirir. "İndi nadir hallarda kimlərsə Türkiyəyə (İstanbula) getmək istəyir. Çünki Bakıdan yalnız o istiqamətdə birbaşa uçuş var. Özü də qiymət əvvəlki vaxtlarla müqayisədə xeyli yüksəkdir. Gedib-gələnlər də iş üçün məcbur olub xərc çəkirlər. Digər istiqamətlərdə sifarişlərimiz tamamilə dayanıb. Əvvəllər bu vaxt biz əsasən Rusiyanın Moskva və Soçi şəhərlərinə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə turlar təşkil edirdik. Təyyarə ilə yanaşı avtobus turlarımız da dayanıb. Düşünürəm ki, bu şəraitdə 2021-ci ilin mart ayına qədər turizm sektorunda canlanma olmayacaq".