Newscenter.az.15.11.2020. "Ermənistanda daxili vəziyyət necədir, uşaqdan böyüyə hamımız bilirik. Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda müxalifət liderləri həbs edilir, ölkədə repressiyalar başlanıb, mediaya ciddi təzyiqlər var. Görünən də odur ki, işğalçı ölkədə durum getdikcə daha da pisləşəcək".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrrəmov səsləndirib. O, qeyd edib ki, bu onların daxili məsələsidir və Ermənistan əkdiyini biçir:
"Sadəcə ortada ikrah yaradan bir məsələ var, Ermənistanda təqib və repressiyalar 5 gündür davam etsə də, 10-dan çox müxalifət lideri həbs edilsə də, insan haqlarını müdafiə edən beynəlxlaq təşkilatlarının birindən də səs çıxmır, Ermənistan hakimiyyəti insan haqları və demokratiyanı boğmaqda ittiham edilmir. Maraqlısı odur ki, əgər bu gün Ermənistanda baş verənlər bizdə olsaydı, indi bəyanat verməyən, Azərbaycanı qınamayan hüquq müdafiə təşkilatı qalmazdı. Bu bir göstəricidir, o deməkdir ki, həmin təşkilatların son məqsədi bəşəri dəyərlərə yox, "insan hüquqlarının müdafiəsi" adı altında müəyyən siyasi dairələrə və güclərə xidmətdir. Daha konkret desəm, bu gün İnsan hüquq və azadlıqların "müdafiəsi" ilə məşğul olan təsisatların büdcəsinin formalaşmasında Soros fondu mühim rola malikdir. Bununla da həmin təşkilatlarda qərarların qəbuluna təsir imkanı qazanan Soros şəbəkə qura bilmədiyi dövlətlərə insan hüquqları meyarından istifadə etməklə təzyiq göstərməyə cəhd edir".
Bəhruz Məhərrəmovun sözlərinə görə, artıq 4 ildir ki, Ermənistan tam formada Sorosun təsir dairəsinə daxil olduğu üçün orada baş verənlərə göz yumulur, hüquq pozuntuları qabardılmır, məsələ beynəlxlaq səviyyədə ictimailəşdirilmir:
"Bu məsələlər bizim üçün bir dərs olmalıdır, bir daha anlamalıyıq ki, illərdir bu təşkilatlar Azərbaycanda ali dəyərlər naminə insan hüquqları və demokratiya "davası" aparmır. Onların öz çıxarları, öz məqsədləri var".
Anar