Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“De-facto” ittifaqların “de-jure” dönəmi və yeni sistemin vacibliyi



Newscenter.az.15.11.2020. 27 sentyabrda başlayan əks-hücum əməliyyatının sonradan Vətən savaşına döndüyünün şahidi olduq. İqtidarın doğru hazırlıqları, öncədən ciddi təməllərin atılması, “de-facto” ittifaqların qurulması, müxalifətin düzgün mövqeyi Vətən Savaşının qələbə ilə bitməsinə səbəb oldu. Bəli, Qələbə var, amma hələ ki, Zəfər yoxdur, biz indi Savaşın yeni, daha ağır, hibrit, diplomatik, iqtisadi, siyasi dönəminə qədəm qoyduq. Faktiki olaraq Azərbaycan indi böyük oynayır, daha da böyük oynamağa məhkum və məcburdur. Yeni geo-siyasi “oyunda” məmləkətin qarşısında ciddi çağırışlar, böyük təhlükələr, amma həm də maraqlı, uduşlu perspektivlər var – hər şey, ya da, çox şey özümüzdən asılıdır.

İttifaqlar və onların gələcəyi haqqında: 1) Azərbaycan Vətən Savaşına hazırlıq dönəmində Türkiyə ilə öncədən olan böyük bağı daha da inkişaf etdirdi və strateji tərəfdaşlığa, hətta kordinə edilən əməkdaşlığa çevirdi – Doğru istiqamətdir, amma yetərli deyil. Növbəti addım kimi Şimal qonşumuzu çox qıcıqlandırmadan, maneçiliklər yaradılmasına imkan vermədən hərbi əməkdaşlığı ciddi müttəfiqlik səviyyəsni qaldırmaq lazımdır. Türkiyə ilə öncə bağlanmış müqavilələri daha da inkişaf etdirmək, adını “baza” qoyub diqqəti üzərimizə çəkmədən qardaş ölkə ilə Azərbaycanın müxtəlif yerlərində (Naxçıvan, Bərdə, Ağdam, Gəncə, Bakı) Hərbi Təlim və Tədris Mərkəzləri açılmalı, birgə ordu quruculuğu davam etdirilməlidir, 2) Vətən Savaşında bizə ən yaxın açıq, daha çox isə “pərdə arxasında” dəstək göstərən iki vacib dövlət oldu – İsrail və Böyük Britaniya. Bu dəstəyi institutlaşmış hala gətirmək üçün İsraildə səfirlik açılmalı, Britaniya ilə isə bu günlərdə Ukraynanın bağladığı “Hərbi Əməkdaşlıq” müqaviləsinə uyğun sənədlər imzalanmalı, Xəzər dənizindəki əsgərlərimizə Britaniyalıların dərs keçməsi, texniki bazanın yaradılması üçün hüquqi zəmin yaradılmalıdır, 3) Rusiya ilə əməkdaşlığa xələl gətirmədən Şimal qonşumuz ilə münasibətlər həmişə pozitiv yöndə inkişaf etdilməlidir. Ermənistan ilə Azərbaycan arasındakı sərhədləri ancaq Rusiya vasitəsi ilə dəqiqləşdirib möhkəmləndirmək olar. Bunun üçün Rusiyanın müəyyən istəklərinə də, müvəqqəti olaraq “sülhməramlılarına” da dözmək olar, 4) İranla münasibətləri yeni təmələ otuzdurmaq lazım gələcək – İran bizim böyük ərazisi və əhalisi olan qonşumuz, potensial böyük bazarımızdır. ABŞ-da Bayden dönəmi başlayan kimi İranla Qərb arasında yenidən körpülər qurulmağa, yeni əməkdaşlıq formatları yaranmağa başlayacaq. Bu yeni formatda Azərbaycan Qərblə İran arasında körpü, Qərb şirkətlərinin İrana yerləşməsi üçün logistik mərkəz ola bilər, 5) ABŞ-la münasibətlər həmişə vacib və önəmlidir. Bayden dönəmində bizə qarşı ənənəvi (və çox zaman haqlı) olan təzyiq mövzuları birdəfəlik həll edilməlidir – insan haqları, azadlıqlar, hüququn üstünlüyü - bu sahələrdə daxildə ciddi islahatlar aparılmalı, təzyiq yarada biləcək potensial istiqamətlər daxildə öz həllini tapmalıdır. ABŞ regionu Rusiyaya tam təslim etmək istəməyəcək, biz doğru olanı düzgün edə bilsək, bu məsələdə hər iki ölkə üçün cazibə mərkəzi olaraq dövlət maraqlarımızı təmin edə bilərik. Amma bu çox incə müstəvidir, yeni, daha peşəkar xarici siyasət konsepsiyasi tələb edən mövzudur. Daha səfirlərimiz müğənni, ictimai xadim, ya da siyasi “sürgünə” gedənlər olmamalı, hər ölkədə peşəkar səfirlik komandası formalaşmalıdır.

Yeni sistem olmazsa-olmazdır: 1) Vətən Savaşından sonra ölkəni əsgi sistemlə, qaydalarla, yanaşmalarla idarə etmək olmaz, heç mümükün də deyil – çünki, köhnə sistem qələbəni zəfərə çevirə, qələbənin iqtisadi və siyasi dividentlərini toplaya bilməz, 2) Yeni idarəetmə sisteminın onurğasını yeni Konstitutsiya təşkil etməlidir – məncə, artıq yubanmadan müxtəlif siyasi partiyalardan ibarət komissiya qurulmalı, mətn üzərində təcili iş başlanmalıdır. Burada yerli önünüidarənin güclənməsindən tutun da, yeni hökumət sisteminə, yeni ərazi bölgüsünə, yeni iqtisadi münasibətlərə qədər hər bir məsələ yer almalıdır, 3) İqtidara Vətən Savaşına görə keçmişini bağışlamaq, keçmişdı olan-bitəni unutmaq lazımdır, vacibdir. Bu gün bəzi məsələlər də mənə aydın olur: Korrupsiya sxemləri vasitəsi ilə müasir silahlar da alıblar, “de-facto” ittifaqlar da qurublar, özlərinin mənimsədiklərindən başqa bunlar da olub – ona görə də, artıq yeni səhifə açılmalı, Maliyyə Amnistiyası üçün işlər başlanmalıdır, 4) Müxalifət, böyük ölçüdə, Vətən Savaşından üzüağ, doğru yanaşma ilə çıxdı. İqtidarın fevral ayında təklif etdiyi dialoq masası da məhz savaşa hazırlıq üçün idi, doğru zamanda oldu və daxili çəkişməlirə önləyən, ciddi beynəlxalq dəstək yarada bilən amilə çevrildi. İndi yeni mərhələdə iqtidarın özünə güclü və rasional müxalifət daha çox lazımdır – olası xarici siyasi və diplomatiq basqıların amartizasiya və önlənməsi üçün güclü müxalifət institutu çox vacib amilə çevriləcək. Zəif müxalifət = Zəif iqtidar, bu formulu hamı dərk etməli, müxalifət də öz məsuliyyətini tam anlamalıdır. Güclü müxalifət və sivil toplum Vətənin haqq savaşında, diplomatik mücadiləsində məmləkətin qələbəsi üçün əsas faktorlardan biri olacaq, 5) Yeni sistemdə rayonların İqtisadi Regionlar şəklində birləşdirilməsi, yeni ərazi bölgüsü, yerli özünüidarənin güclənməsi Qarabağ məsələsinin birdəfəlik həllində mühim rol oynayacaq, “qondarma rejimə” status məsələsini tarixə göməcək.
Belə, oxuyun, düşünün, müzakirə edək...

Natiq Cəfərli-ekspert
Xəbəri paylaş