Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnsanlığın simvolu



Newscenter.az.16.11.2020. Bu gün dünyanın ən nüfuzlu təşkilatlarından olan UNESCO-nun yaranması günüdür. Əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət, incəsənət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək, sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmətdən ibarət olan bu təşkilatın ən nüfuzlu və etibarlı tərəfdaşlarından biri də məhz Azərbaycandır.

Azərbaycan - UNESCO əlaqələri dövlət siyasətinin prioritet istiqamətlərdən biri kimi mühüm yer tutur. Ölkəmizin bu mötəbər təşkilatla əlaqələri Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra reallaşıb. Ümummilli liderin 1993-cü il dekabrın 19-21-də Parisə səfəri zamanı UNESCO-nun baş direktoru Federiko Mayorla görüşü xüsusi rol oynamış, ikitərəfli əməkdaşlığın əsasları qoyulmuşdur.
Prezident İlham Əliyev Azərbaycan-UNESCO əlaqələrinin inkişafına xüsusi diqqət yetirmiş və elmi, mədəni-ictimai sahələrdə bir sıra mühüm layihələr gerçəkləşmiş, xoş və mehriban əməkdaşlığını inkişafı üçün dərin zəmin yaratmışdır.

Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın əvəzolunmaz istedadı, humanizmi, milli və bəşəri ali dəyərlərə söykənən çoxşaxəli fəaliyyəti sayəsində UNESCO ilə Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoymuşdur. Onun tarix, mədəniyyət, elm və humanitar sahələrdə həyata keçirdiyi layihələr ölkəmizin beynəlxalq miqyasda nüfuzunun və Azərbaycan mədəni irsinə, humanitar-mədəni vizyona dərin qlobal diqqətin artmasına səbəb olmuşdur.

Mehriban Əliyeva Azərbaycanın mədəniyyət diplomatiyasında yeni zəngin səhifə açaraq respublikamızın UNESCO ailəsinin tamtərkiblü üzvü kimi şöhrət və hörmətinin yüksəlməsinə möhür vurmuşdur.

Onun nadir istedadı və fədakar təşəbbüskarlığı sayəsində UNESCO-nun xoşməramlı səfirlərinin Azərbaycana səfərləri davamlı xarakter almış, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mötəbər toplantılar ənənə halını almışdır.

Azərbaycan-UNESCO əlaqələrinin ən yüksək səviyyəyə yüksəlməsində əzmkar və yorulmaz fəaliyyətinə, dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki əvəzsiz xidmətlərinə görə, Mehriban xanım Əliyeva 2004-cü il avqustun 13-də bu təşkilatın Xoşməramlı səfiri adına layiq görülmüşdür.

Mehriban xanım Əliyevanın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər daim yüksək qiymətləndirilir. Onun UNESCO-nun “Qızıl Motsart” medalı ilə təqdim edilməsi də bu xoşməramlı fəaliyyətə verilən dərin töhfədir.
Azərbaycanın Birinci xanımının möhtəşəm fəaliyyəti sayəsində muğam və aşıq sənəti, Novruz bayramı, xalçaçılıq sənətimiz, Dədə Qorqud irsi, dastan mədəniyyəti, xalq nağılları və musiqisi, tar, Çövkan, Azərbaycan kəlağayısı, Lahıc misgərlik sənəti, Lavaş, kamança, Naxçıvanın ənənəvi qrup rəqsləri yallı, köçəri, tənzərə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Mehriban xanım Əliyevanın ən böyük uğurlarından biri Azərbaycanın adının dünyanın mədəni irsinə qızıl hərflərlə yazdırmasıdır. Azərbaycan memarlığının zəngin abidələri olan Şirvanşahlar Sarayı və Qız Qalası, İçərişəhər, Qobustan Qaya Sənəti, Şəki Xan Sarayı Ümumdünya İrs Siyahısına daxil edilibdir.
Əminəm ki, milli qürur salnaməmiz, Azərbaycanın mənəvi paytaxtı Şuşa şəhəri də bu siyahıya əlavə ediləcəkdir.

Mehriban Əliyeva UNESCO-nun mənzil-qərargahında xoşməramlı səfirlərin toplantılarında, qurumun digər mötəbər tədbirlərində nitqlərində hər zaman diqqəti Ermənistanın təzavüzkar siyasətinə və işğal altında olan ərazilərimizdə tarixi, mədəni abidələrimizin barbarcasına məhv edilməsinə yönəltmiş, Azərbaycan həqiqətlərini dünyaya çatdırmış və erməni faşizminin əsil mahiyyətini ifşa etmişdir.

27 ildir ki, Azərbaycan-UNESCO əlaqələri qarşılıqlı dərin etimad və hörmət prinsiplərinə, beynəlxalq hüquq normalarına uyğun yüksələn xətlə inkişaf edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın yorulmaz fədakar əməyinin nəticəsidir ki, UNESCO beynəlxalq miqyasda ən yaxın və etibarlı və dərin etimada malik tərəfdaş kimi məhz Azərbaycana xüsusi münasibətini sərgiləyir.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor



Xəbəri paylaş