Newscenter.az.17.11.2020. Yenə başlandı cəmiyyətimizdə bölünmə, ayrı-ayrı qruplaşmalara ayrılma və bir-birilərini ittiham etmə.
Dostlar, unutmayaq ki, bizim 44 gün ərzində heç bir mənəvi dəyər tanımayan ermənilərə qarşı əldə etdiyimiz uğurun ən əsas səbəbi birliyimiz idi!
Cinsindən, mənşəyindən, siyasi baxışından, vəzifəsindən, statusundan, maddi vəziyyətindən və digər amillərdən asılı olmayaraq hamımız bir hədəfə vururduq.
Prezidentimizdən tutmuş sadə vətəndaşımıza qədər, hər birimiz qələbəmiz üçün əlimizdən gələni etməyə, cəbhədə döyüşən cəsur hərbçilərimiz kimi, hər an canımızdan, qanımızdan və həyatımızdan keçməyə hazır olduq! Uğurumuzun əsas açarı bunda idi.
Ancaq üzərindən bir həftə keçməyib ki, elə bil havaların soyuması ilə insanlarımızın aralarındakı münasibətlərə də soyuqluq gəlib.
Normal olaraq bəzi məsələlərlə bağlı cəmiyyətimizdə ciddi narahatçılıqlar mövcuddur! Bu narahatçılıqların tezliklə aradan qalxacağına inanaq və bunu arzulayaq.
Ancaq lütfən, bunun cəmiyyətimizdə fikir ayrılığı və qütbləşmə səviyyəsinə gəlməsinə imkan verməyək.
Çünki müharibəmizin aktiv döyüş fazası bitsə də, mübarizəmiz hələ ki, bitməyib dostlar! Qarşımızdakı düşmənin hansı əxlaq(sızlığ)a, hansı mənəviyyat(sızlığ)a və hansı şərəf(sizlik)ə sahib olduğunu unutmayaq.
Əldə etdiyimiz bu intəhasız Qələbənin dəyərini bilək və onu qorumağı bacaraq! İlanın ən təhlükəli zamanı yaralı olduğu zamandır.
Proses hələ davam edir dostlar və ən azından torpaqlarımız tam şəkildə yaralı ilandan və onun zəhərindən təmizlənənə qədər, o 44 günlük birliyimizi və monolitliyimizi pozmayaq! Pozanlara da qəti imkan verməyək.
Uca Tanrı Azərbaycanı və birliyimizi qorusun!
Xəyal Bəşirov-siyasi ekspert