Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT baş katibi ermənilərin Qarabağdakı cinayətləri barədə məlumatlandırılıb



Newscenter.az.18.11.2020. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən verilən məlumata görə, Ceyhun Bayramov atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı 10 noyabr tarixli birgə bəyanatın icrası ilə bağlı vəziyyət barədə qarşı tərəfi məlumatlandırıb.

Azərbaycanın işğaldan azad olunan ərazilərinin tamamilə dağıdılması, bu ərazilərdəki bütün infrastrukturun yerlə yeksan olunması, eləcə də razılaşmaya əsasən qısa zamanda Azərbaycanın nəzarətinə qaytarılacaq ərazilərdəki qeyri-qanuni hərbi birləşmələr və qanunsuz məskunlaşan insanlar tərəfindən hazırda törədilən cinayət xarakterli əməllər, o cümlədən ətraf mühitə zərər verilməsi, meşələrin qırılması, evlərin yandırılması, mədəniyyət abidələrinin talan edilməsi və s. Baş katibin diqqətinə çatdırılıb.

Ceyhun Bayramov bütün bölgənin bərpası ilə bağlı geniş miqyaslı işlərin görülməsinin tələb olunduğu qeyd edərək, bu xüsusda Azərbaycanın həyata keçirəcəyi tədbirlər çərçivəsində müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT ilə əməkdaşlıq etmək niyyətini ifadə edib.

Baş katib Antonio Quterreş hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanatın imzalanmasının razılıqla qarşıladığını vurğulayıb.

Baş katib ərazilərin bərpası ilə bağlı məsələdə BMT-nin oynaya biləcəyi vacib rolu qeyd edib, o həmçinin məcburi köçkünlərin öz evlərinə geri dönməsi ilə bağlı müvafiq dəstəyin göstərilməsinin vacibliyini bildirib.
Xəbəri paylaş