Newscenter.az.18.11.2020. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi və investisiya potensialı “Qarabağ Azərbaycandır” (“Karabakh is Azerbaijan”) stendində bu gün İstanbulda öz işinə başlamış “MUSİAD Expo 2020” Sərgisində nümayiş olunur.
Newscenter-ın KOBİA-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan ilk dəfədir ki, “Qarabağ Azərbaycandır” qələbə şüarı ilə beynəlxalq sərgidə iştirak edir.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə qurulmuş “Qarabağ Azərbaycandır” stendi Qarabağın incisi olan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa Məscidinin formasında dizayn edilib.
“Karabakh is Azerbaijan” stendində işğaldan azad edilmiş rayonların mədəni irsini, iqtisadi və investisiya imkanlarını əks etdirən foto və video materiallar sərgilənir, eləcə də ölkəmizin sənaye potensialına və rəqabətqabiliyyətli məhsullarına dair məlumatlar verilir. Ümumilikdə Azərbaycanın stendində əsasən sənaye sahəsində olmaqla 20-yə yaxın şirkətə (mədən, tikinti, elektrik, nəqliyyat və rabitə kommunikasiyaları, avtomobil sənayesi, əczaçılıq sektorları, sənaye parkları və onların rezidentləri) məxsus məhsullar barədə məlumatlar verilir, Qarabağın mədəni irsini və sənətkarlıq nümunələrini əks etdirən xalçalar, kəlağayı və s. nümayiş olunur.
Azərbaycanın stendinə yaxınlaşan ziyarətçilər, iş adamları və investorlar işğaldan azad olunmuş ərazilərimizin zəngin təbii sərvətləri, turizm potensialı və mədəni irsi barədə məlumatlandırılır, bu ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək geniş quruculuq və bərpa işlərində, biznesin qurulmasında Türkiyə və digər ölkələrdən olan investorların da iştirak edə biləcəyi diqqətə çatdırılır.
“Qarabağ Azərbaycandır” stendi sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanır. Bu gün Azərbaycanın stendini Türkiyə Respublikasının dövlət rəsmiləri də ziyarət ediblər.
Qeyd edək ki, “MUSİAD Expo 2020” sərgisi Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MÜSİAD) təşkilatçılığı ilə keçirilir. Noyabrın 21-dək davam edəcək sərgidə dünyanın 80-dən çox ölkəsindən olan şirkətlərin məhsulları nümayiş olunur.
Sevinc