Newscenter.az.18.11.2020. 44 gün davam edən Vətən Müharibəsi müzəffər Azərbaycan Ordusunun qələbəsi, Azərbaycanın ürəyi olan Şuşa şəhərinə üçrəngli müqəddəs bayrağımızın sancılması və dalğalanması ilə bitdi.
Noyabr ayının 10-dan etibarən Rusiya Prezidenti Vladimir Putinin təkbaşına vasitəçiliyi ilə atəşkəsin elan olunmasına və işğal altında olan digər rayonlarımızın insan tələfatı olmadan boşaldılaraq Azərbaycana təhvil verilməsinə dair bəyanat imzalandı.
16 noyabr tarixində Ali Baş Komandan və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfər etdilər və müharibə başa çatdıqdan sonra Qarabağa bütün Azərbaycanlıların yolunu açan ilk Azərbaycnlılar oldular. Bu Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın Lideri və Sərkərdəsi olaraq Qarabağda yeni həyatın başlanğıcı və tez bir zamanda millətindən, dinindən, irqindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının yaşamaları üçün bütün imkanların səfərbər olunmasına bir çağırışdır.
Təsadüfi deyil ki, məhz səfərdən sonra Prezident İlham Əliyev ilk olaraq “Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikilməsi ilə bağlı tədbirlər haqqında” 17 noyabr 2020-ci il tarixli Sərəncam imzaladı və işlərin görülməsi üçün 50 mln manat vəsait ayrıldı. Baxmayaraq ki, Ermənistanın işğalı nəticəsində uzunluğu 25 min kilometr olan avtomobil və torpaq yolları da məhv edilmişdir, son illər Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılması, əldə olunmuş təcrübə qısa müddətdə də Qarabağın yollarının bərpasını mümkün edəcəkdir.
Yol – inkişaf, davamlı inkişafın aydın gələcəyi deməkdir. Bu baxımdan yaşadığımız ilin, qalib olduğumuz müharibənin yaratdığı bütün çətinliklərə baxmayaraq Azərbaycan dövlətinin əsas hədəfi Qarabağda sülhün qorunub saxlanılması, suverenliyin tam bərpa olunması, Cənubi Qafqazda isə təhlükəsizliyin və əmin-amanlığı uzunmüddətli prosesə çevirməkdir.
Yol, eyni zamanda bütün Qarabağın Qayıdış və İnkişaf Konsepsiyasının hərtərəfli öyrənilməsinə, həyat infrastrukturunun yaradımasına, yeni, müasir, innovativ çağırışlara, texnologiyaların təbiqinə əsaslanan planlı və davamlı sənədin hazırlanmasını ehtiva edir.
Hazırda Azərbaycan hökuməti, Nazirlər Kabineti, aidiyyatı nazirlik və institutlar işğal nəticəsində dəymiş ziyanın qiymətlədirilməsi işini həyata keçirir və bu iş beynəlxalq maliyyə korporasiyalarının da aktiv cəlb olunmasını tələb edir.
Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə tətbiq olunan mükəmməl idarəçilik modeli imkan verəcəkdir ki, Qayıdış və İnkişaf Konsepsiyası dövlət komissiyası səviyyəsində tamamlansın və yaradılacaq alt İşçi Qruplarının fəaliyyətini düzgün əlaqələndirməklə siyasi, ekoloji, iqtisadi və sosial sahələrdə məqsədli inkişafa nail olunsun.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı