Newscenter.az.20.11.2020. XX əsrin əvvəllərindən Azərbaycan xalqı öz müstəqilliyinin qorunması və bərpasında, eləcə də ərazilərinin təhlükəsizliyinin təmin edilməsində minlərlə Azərbaycansevərləri, doğma, igid övladlarımızı itirərək Azərbaycan tarixinin yazılmasında iştirak etmişlər.
İstər 1918-1920-ci illər, istərsə də İkinci Dünya müharibəsi, həmçinin Qarabağ-Vətən Müharibəsində Azərbaycanlılar bütün dünyaya onların əzəli, dədə-babalarının yaşadıqları torpağın, dövlətinin və dövlətçilik tarixinin nə qədər əziz və müqəddəs olduğunu dünyaya zaman-zaman sübut etmişlər.
Minlərlə ləyaqətli Azərbaycanlılar igidlik nümayiş etdirərək, öz canları və qanları hesabına tariximizin qəhramanlıq səlnaməsini yazmış və Vətənin bundan sonra da göz bəbəyi kimi qorunmasını gələcək nəsillərə miras qoymuşlar.
Bu gün şərəfli Azərbaycan tarixinin qanla yazılan yeni bir mərhələsində 30 ildən sonra işğal altında olan torpaqlarımızın, Qarabağımızın azad olunmasını yaşayırıq və bu sevincli tarixi, qürurlu zəfəri bizə Ali Baş Komandan, müzəffər Ordumuzun igid qəhramanları yaşatmaqdadırlar. Şuşaya yenilməz, üçrəngli Azərbaycan Bayrağının sancılması ilə bu günədək baş vermiş müharibələrdə canını fəda edərək şəhid olmuş əsgərlərimizin qanları yerdə qalmamış və onların əbədiliyi qorunmuşdur.
27 Sentyabr 2020-ci il tarixində başlayan Qarabağ Müharibəsində şəhidlik zirvəsinə ucalmış yüzlərlə övladlarımızın da qanı yerdə qalmayacaq, onların adları daima əbədiləşdiriləcək. Müharibədə şücaət göstərmiş Milli Ordunun bütün şəxsi heyəti, Xüsusi Təyinatlı Qüvvələrimiz, könüllü əsgərlərimiz, arxa cəbhədə onlar qədər yuxusuz qalmış el oğullarımız, eləcə də bütün Azərbaycan xalqı əminəm ki, hər bir şəhidimizə diqqət və böyük hörmət nümayiş etdirəcək, dövlətimzin qorunması və ərazi bütövlüyümüzün bərpasında onların göstərdikləri qəhramanlıq tariximizin şanlı səhifələrində öz layiqli yerini tutacaq və təbliğ olunacaqdır.
Bu gün Azərbaycanın elə bir rayon və kəndi yoxdur ki, onun Qarabağ-Vətən Müharibəsində ruh yüksəkliyi ilə iştirak edən vətənpərvər övladlarından şəhadət zirvəsinə yüksəlməyənlər olsun.
Dünyasını dəyişən bütün şəhid igidlərimizin xatirələrini əbədiləşdirmək üçün təklif edirəm ki, ölkəmizin hər bir şəhər və rayonunda Qarabağ-Vətən Müharibəsinin şəhidlik memorial kompleksinin yaradılmasına dair konsepsiya hazırlansın, dövlət proqramı işlənilsin və yaxın beş il müddətində Azərbaycanın bütün inzibati vahidlərində qəhramanlıq səlnaməsini əks etdirən müasir “Azərbaycançılıq” Мemorial Кompleksi təşkil olunsun.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı