Newscenter.az.20.11.2020. Hazırda dünyada 57 milyon insan koronavirusa yoluxub, 1.4 milyon insan isə bu virusun qurbanı olub. Dünyada koronavirusa yoluxanların sayına görə ilk beşlikdə ABŞ, Hindistan, Braziliya, Fransa və Rusiya yer alır. Bu beş ölkədə virusa yoluxanların ümumi sayı dünya üzrə xəstələrin sayının təxminən 50 faizini təşkil edir. Avropada da, xüsusən Fransa, İtaliyada, İspaniyada və Böyük Britaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edir. Adları çəkilən 4 ölkədə ümumilikdə yoluxanların sayı 6.5 milyon, ölənlərin sayı isə 200 min nəfərə qədərdir. Əlbəttə ki, son vaxtlar koronavirusa yoluxma tendensiyasının sürətlənməsi Cənubi Qafqaz regionundan, Azərbaycandan da yan keçməyib. Bu gün Ermənistanda 122 min, Gürcüstanda 94 min, Azərbaycanda isə 84 min insan virusa yoluxub. Baxmayaraq ki, Azərbaycan əhalisinin sayı digər iki ölkənin əhalisinin sayının ümumi cəmindən 2 dəfə çoxdur, ölkəmizdə yoluxanların sayı nisbətən aşağıdır. Lakin buna rəğmən biz virusun yayılmasının qarşısını almaq üçün mütləq sərt addımlara getməli, yoluxmanı və ölüm sayını maksimum azaltmalıyıq.
Ölkəmizdə də gündən-günə virusa yoluxanların sayında artım müşahidə olunur. Ancaq dövlət koronavirusla mübarizədə ciddi qabaqlayıcı tədbirlər görür. Əlbəttə ki, yoluxmanın sayının artmasının obyektiv və subyektiv səbəbləri var. Ən böyük səbəb Vətən müharibəsi idisə, artıq böyük Qələbə qazandığımızdan indi diqqəti koronavirusla mübarizəyə yönəltməliyik. İşğalçıları qovaraq, torpaqlarımızı azad edərək Qələbə qazandığımız kimi koronavirusa da qalib gəlib insanlarımızı qorumalıyıq. Böyük zəfəri birlik olaraq əldə etdik, elə koronavirusla mübarizədə də birlik nümayiş etdirməli və virusa qalib gəlməliyik.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətini artırması, bəzi məhdudiyyətləri tətbiq etməsi tamamilə məntiqlidir. Çünki, 2-3 ay öncə gündəlik yoluxmanın sayı 100-150 idisə, hazırda bu rəqəm 15-20 dəfə artaraq 2500-ə çatıb. Əgər virusun geniş yayılmasının qarşısı alınmasa, fəsadları ağır olar. Ona görə də, xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməliyik. İndiki vəziyyətdə hər şey insanlara bağlıdır. Yəni insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları daha da çoxala bilər. Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verməmə, məsafə saxlama və s. kimi məsələlərə, qaydalara riayət olunması zəruridir. Əgər pandemiyanın əvvəlki dalğalarını az itki ilə başa vurmuşduqsa, bu, dövlət rəhbərliyinin qətiyyətli qərarları və iradəsi nəticəsində olmuşdu. Yəni, dövlət üzərinə düşəni edib və artıq insanlarımızın növbəsidir ki, pandemiyanın növbəti dalğasının başlanmasının qarşısını alaq. Buna isə dediyimiz kimi yalnız karantin qaydalarına maksimum şəkildə riayət etməklə nail ola bilərik. Həqiqətən də, biz birlikdə güclüyük. Əminəm ki, insanlarımız karantin qaydalarına riayət edəcək və xəstəliyin geniş yayılmasını önləyəcəyik.
Sədaqət Vəliyeva-Milli Məclisin deputatı