Newscenter.az.24.11.2020. “Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib”.
Bunu noyabrın 23-də işğaldan azad edilmiş Ağdam şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev deyib.
“İndi buraya gələrkən mən ən azı üç müdafiə xəttini gördüm. Amma mənə hərbçilər tərəfindən verilən məlumata görə, beş müdafiə xətti var. Füzulidə də, həmçinin. Biz bu əsgər və zabitlərimizin qəhrəmanlığı, peşəkarlığı sayəsində müdafiə xəttini yarmışıq. Biz texniki cəhətdən ən müasir silahlarla təchiz edilmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, o videogörüntülər var. İndi onlar bir çox ölkələrdə öyrənilir və öyrəniləcək, hərbi kitablara salınacaq.
Eyni zamanda, biz ordumuzun döyüş potensialını gücləndirirdik. Çünki tam aydın idi ki, təkcə silahlarla qələbə qazanmaq mümkün deyil. Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların valideynlərinə Allah səbir versin! Yaralı hərbçilərimiz var, onlar da sağalırlar. Onların bir çoxu artıq sağalıb. Allah onlara şəfa versin! Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq. Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik”, - dövlət başçısı vurğulayıb.