Newscenter.az.26.11.2020. Noyabrın 25-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin birgə həyata keçirdiyi “Agentlikdə institusional islahatlar və idarəetmənin təkmilləşdirilməsinə dair texniki dəstək” layihəsi çərçivəsində - nailiyyətlər və gələcək əməkdaşlıqlar mövzusu üzrə yekun görüş keçirilib.
Neüscenterşaz-a AQTA-dan bildirilib ki, onlayn formatda keçirilən seminarda 2019-2020-ci illər ərzində AQTA-ya institusional islahat və idarəetməyə texniki dəstək layihəsi üzrə əldə olunan nailiyyətlər və irəliləyişlərdən bəhs olunub.
Tədbirin açılış mərasimində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müşaviri Elxan Mikayılov çıxış ediblər. “Qida Təhlükəsizliyi yalnız insanların sağlamlığı üçün əhəmiyyətli deyil, həmçinin onların dolanışığının təmin olunması üzrə mühüm rola malikdir. Xüsusilə qeyd etmək istəyirəm ki, FAO-nun AQTA ilə əməkdaşlığı bu məcrada görülən işlərin əsasını təşkil edir və edəcəkdir”, - deyə Mələk Çakmak öz çıxışında bildirib. Daha sonra çıxış edən Elxan Mikayılov Agentliyin fəaliyyət istiqamətləri və qarşıya qoyulan məqsədlərdən, qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar və Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunması mərhələlərindən danışıb. O bildirib ki, FAO ilə yeni qida təhlükəsizliyi sisteminin yaradılması məqsədilə uzun yol qət edilib və Agentlik institusional məsələlərdə FAO-nun təcrübəsindən yararlanır. Qeyd olunub ki, bu sahədə gələcək nailiyyətləri təmin etmək üçün risk əsaslı yanaşma prinsipi əsas götürülür ki, bu da ölkəmizdə qida təhlükəsizliyi sisteminin daha da təkmilləşdirilməsinə, yeni qida təhlükəsizliyi mexanizminin inkişafına təkan verir.
Daha sonra AQTA və FAO-nun layihə üzrə beynəlxalq mütəxəssislərinin təqdimatları baş tutdu. Görüşdə iştirakçılara qida nəzarət sistemlərində institusional islahatlar, “Codex alimentarius” üzrə milli potensialın inkişafı, qida təhlükəsizliyi və qida nəzarət sistemlərində irəliləyiş və prioritetlər və bu sahədə görülən zəruri tədbirlərə dair məlumatlar çatdırıldı.
Görüşdə gələcək əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutan qarşıdakı layihələr barədə müzakirələr baş tutub. Bununla əlaqədar, FAO-nun Qida təhlükəsizliyi və istehlakçı hüquqları müdafiəsi üzrə mütəxəssisi xanım Mary Kenny milli qida təhlükəsizliyi sistemlərinin və regional əməkdaşlığın təkmilləşdirilməsi barədə təqdimatla çıxış edib. Sonda Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Fuad Mardiyev qarşıdakı dövrdə planlaşdırılan “Dayanıqlı Milli Kodeks sisteminin yaradılması”na dair layihəni təqdim edib.
Seminar çərçivəsində Agentliyin kadr potensialının daha da gücləndirilməsi və laboratoriya imkanlarının təkmilləşdirilməsi istiqamətində həyata keçiriləcək layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Orxan