Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransanın türkə və İslama nifrətinin əsas səbəbi



Newscenter.az.26.11.2020. Dünyada həm islamofobiya, həm də türkafobiyadan ciddi şəkildə əziyyət çəkən dövlətlərdən ən öndə gedəni Fransadır. Bu proses uzun illər ərzində Fransanın həm daxili siyasətində, həm də beynəlxalq müasibətlər sahəsindəki davranışlarında açıq şəkildə özünü biruzə verməkdədir.

Bir çoxlarının təəccüblə yanaşdığı Fransanın müəmmalı "erməni sevgisi" də, məhz bu amillə bağlıdır. Uzun illərin məkrli siyasətinin nəticəsi kimi, Ermənistan və ermənilər anti-müsəlman və anti-türk siyasətinin aləti və marionetkası rolunu çox məharətlə oynasalar da, əslində bu prosesin əsl qurbanı da, hələ ki, elə Ermənistanın özüdür.

Bəs bu illər ərzində Fransa bu "xidmət"lərinin müqabilində Ermənistana nə verib? Real olaraq heç nə! Verdiyi sadəcə bəzi utopik vədlər idi ki, onlardan ən əsası ilə bağlı hiyləgər oyunu Azərbaycan 44 gün ərzində darmadağın etdi.

Bu günlər ərzində də Fransa ən kritik vəziyyətində belə Ermənistana pafoslu bəyanatlardan başqa heç nə verə bilmədi. Sadəcə bağırdı, böyürdü və guruldadı, ancaq yağa bilmədi!

Çünki, Fransa tərəfindən uzun illər ərzində yürüdülən siyasətin tərkib hissəsidir bu. Heç nə vermədən, bütün dünyanı özünün müstəmləkələrinə çevirmək, özünə tabe etdirmək, xalqları əzmək, öldürmək və soyqırıma məruz qoymaq!

Həm də hazırda regionumuzda gedən prosesə Rusiyanın müdaxiləsindən ciddi narahatlıq keçirən Fransa, ən iyrənc planlarının ideal aləti olan Ermənistanı itirməmək üçün həmişəki kimi, sözdə və kağızda da olsa, ona nəsə verməli idi. İvandan geriyə düşsə də, heç olmasa sülh danışıqları tamaşasının digər aktyoru olan Sem dayını qabaqlamaqda özünə təskinlik verən Fransa bu dəfə, artıq uzun illər ərzində fasiləsiz olaraq aldadıldığını anlayan Ermənistan əhalisini sakitləşdirməli idi. Daha doğrusu, bu prosesdə ciddi çətinlik çəkən Ermənistanın cinayətkar rəhbərliyini sığortalamalı idi.
Bunu Fransa, Ermənistan əhalisindən savayı hamının heç bir hüquqi qüvvəsinin və təsir mexanizminin olmadığını çox gözəl bildiyi bir kağızla etməyi düşünür. Bu dəfə beynəlxalq hüququn subyekti olmayan Fransa senatı və Paris meriyası tərəfindən doğulmadan ölən və 10 noyabr tarixli bəyanatla dəfn belə edilən qondarma "Dağlıq Qarabağın" müstəqilliyini tanımaq üzərində dayanıldı. Bununla Fransa həm də, münaqişənin haqlı və təcavüzə uğrayan tərəfi olan Azərbaycana təzyiq etmək iddiasını da könlündən keçirmək istəyindədir.

Bu prosesləri diqqətlə izlədikdə, bəzən insan, bir çox dahilərin zərgər dəqiqliyi ilə qiymət verdikləri nökər xislətli, qul təfəkkürlü və xəyanətkar düşüncəli erməni obrazının birinci Qarabağ döyüşləri zamanı insanlığa və bəşəriyyətə ləkə olan vəhşiliklərin müəllifi olmasına şübhə ilə yanaşır.
Ancaq düşünəndə ki, Əlcəzairdə milyonlarla insanın qətlinə, qoca, qadın və körpə demədən kütləvi şəkildə yandırmaqla, diri-diri basdırmaqla və digər vəhşi yollarla qətliamını təşkil edən fransızlar kimi müəllimləri olan canilər niyə etməsin ki?!

Afrikanın digər ölkələrində, Ruandada milyonlarla insanı öldürən, insan kəllələrindən kiçik dağlar düzəldən, dünyada faşizmin banisi olan Hitlerin törətdiklərini kölgədə qoyan səhnələri təşkil edib kənardan maraqla sehr edən bir rejissorun aktyoru, Xocalıdakı eyni hadisələri törətməkdə niyə tərəddüd etsin ki?!

Məhz həmin Fransanın 1830-cu ildən başlayaraq 132 il ərzində məcburən müstəmləkəsi kimi saxladığı dövr ərzində Əlcəzair dövlətinə və onun əhalisinə qarşı törədilən cinayətlər bütün dünyaya bəllidir. Xüsusilə də, bu əsarətdən canını qurtarmaq istəyən Əlcəzair xalqının 1954-cü ildən 1962-ci ilə qədər davam edən müstəqillik mübarizəsi zamanı 1.5 milyon insanın vəhşicəsinə soyqırıma məruz qoyulması insanlıq tarixinin Fransa ilə bağlı ən qara səhifələrindən biridir.

Demokratiya və insan hüquqlarının beşiyi olması iddiasında olan Fransanın, elə həmin dəyərlərin yeganə obyekti olan insanlığa qarşı törətdiyi tükürpədici cinayətlər bununla bitmir. Əlcəzairlə yanaşı, Fransanın Benin, Qabon, Burkina-Faso, Qana, Kamerun kimi ölkələrdə də çoxsaylı qətliamlar törətdiyi məlumdur.

Ruandada 1994-cü ildə yaşanan soyqırım, yüz minlərlə tutsinin öldürülməsi insanlıq tarixinin ən qorxunc hadisələrindən biri olaraq yaddaşlarda qalıb. Belə ki, iki tayfa arasında baş verən vətəndaş müharibəsi zamanı iqtidarı qorumaq üçün Fransa tutsi tayfasının 800 min nümayəndəsini vəhşicəsinə qətlə yetirdi.

Fransa, keçmiş müstəmləkələri olan 14 Afrika ölkəsindən 60 ildən çoxdur ki, hər il xərac alır. Fransanın əvvəlki müstəmləkələri olan Benin Respublikası, Burkina Faso, Qvineya-Bisau, Fil Dişi Sahili, Mali Respublikası, Niger Respublikası, Senegal, Toqo, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Konqo, Ekvatorial Qvineya və Qabon Respublikası Fransaya vergi ödəməyə hələ də davam edirlər. Adları çəkilən bu ölkələrin tarixlərinə baxanda Fransaya vergi ödəməyən liderləri ya çevrilişə, ya da sui-qəsdə məruz qalıblar.

Yaşadığımız XXI əsrdə belə, Fransa müstəmləkəçilik siyasətini davam etdirməkdədir. Belə ki, əraziləri və əhalilərinin sayı Dağlıq Qarabağdan xeyli böyük olan Korsika və Fransadan həm də, on min kilometr uzaq məsafədə, Avstraliya ətrafında yerləşən Yeni Kaledoniyanı məcburən əsarətdə saxlayır. Məlumat üçün qeyd edim ki, həm Korsikada, həm də Yeni Kaledoniyada dəfələrlə müstəqilliyin elan olunması barədə referendumlara cəhdlərin edilməsinə, hətta referendumların keçirilməsinə baxmayaraq, Fransa tərəfindən həmin ərazilərin yerli əhalisinin səsi boğdurularaq, bu prosesə maneçilik törədilib.

Hazırda bütün dünya miqyasında qeyd olunan bu cür qanunsuz proseslərə rəhbərlik edən Fransa, nədənsə Cənubi Qafqaz regionunda yerləşən üç respublikanın hər biri ilə quru sərhədlərə malik yeganə dövlət olan Türkiyənin, regionda baş verən proseslərə münasibət bildirməsindən ciddi narahatçılıq keçirir. Hesab edirəm ki, bu narahatçılığı türkafobiyadan və islamofobiyadan başqa hansısa bir ciddi amillə əlaqələndirmək mümkün deyil. Həm bu yolla, həm də Türkiyəyə qondarma erməni soyqırımı ləkəsini yapışdırmaqla, silsilə soyqırımların müəllifi olan Fransa, eyni zamanda əməllərinin beynəlxalq müzkirələrinin qarşısını alacağını düşünür.

Həm də bunu, ümumilikdə özünü dünyanın siyasi, demokratik və mədəni mərkəzi hesab edən Avropanın “bizə olar, digərlərinə olmaz” prinsipinin təzahür forması kimi də qiymətləndirmək olar.

Politoloq Xəyal Bəşirov
Xəbəri paylaş