Newscenter.az.26.11.2020. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi artıq psixoloji xidmət sahəsində müəyyən qədər özünü təsdiqləmiş bir özəl qurumdur. Altı illik fəaliyyəti dövründə Mərkəzimiz əhali arasında yetərincə nüfuz və etibar qazanıb. Əgər insanlar Bizə güvənib inam bəsləyirsə, bu, görülən işin nəticəsi var deməkdir.
Biz psixoloji sağlamlıq istiqamətində kompleks iş aparırıq. Yaş məhdudiyyəti olmadan uşaq və yeniyetmələrə, yetkin insanlara psixoloji, psixopedaqoji və loqopedik xidmət göstərməklə yanaşı, həm də geniş maştablı maarifləndirmə layihələri həyata keçiririk. Artıq bir neçə ildir ki, bəzi bölgələrdə də “Loqos”un filialları əhaliyə ən yüksək səviyyədə xidmət aparır.
Yaşadığımız yüzilliyin psixologiya əsri kimi dəyərləndirilməsi heç də təsadüfi deyil. Müasir dünyada artıq psixoloji durum qlobal vəziyyət alıb. Məqsədimiz dünyanın psixoloji durumunu müzakirə etmək deyil. Amma onu vurğulamaq istəyirəm ki, planetdə baş verən hər hansı hadisədən, istər təbii fəlakətlər, zəlzələ, daşqın, sel, istərsə də müharibələrin törətdiyi faciələrdən anında xəbər tutmaq, gərəkli-gərəksiz informasiya axını mütləq şəkildə insan psixologiyasına öz təsirini göstərir. Məsələn, heç bir sərhəd tanımadan planetin hər nöqtəsinə ildırım sürətilə yayılan Covid-19 pandemiyasını götürək. Qısa zamanda az qala yer üzünü iflic vəziyyətinə saldı. Bunlar haqqında çox danışılır, çox deyilir. Yəni, demək istədiyim odur ki, biz xalq olaraq həm qlobal psixoloji travma alırıq, həm də erməni terrorçularının illərdən bəri çəkdirdiklərinin acısını yaşayırıq. Bu da ümumi psixoloji təsirdir. İqlim şəratinə görə yaşadığı bölgənin də insan psixologiyasına fərqli təsiri var. Soyuq bölgədə yaşayanla isti yerdə yaşayanın xaraterindəki dəyişkənliklər bir çox halda iqlimin təsiri ilə formalaşır. “Loqos” PNİM, eləcə də 2016-cı ildən qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayan Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi ayrı-ayrı bölgələrdə psixoloji vəziyyəti öyrənmək məqsədilə araşdırma və tədqiqatlar aparır, sosial layihələr həyata keçirir, ödənişsiz psixoloji konsultasiyalar aparır. Məqsəd təbbi ki, yerli mühiti, psixoloji təsiri öyrənməklə daha çox faydalı olmaqdır.
Ümumi vəziyyətlə bağlı olaraq biz də hazırda ekstremal şəraitdə işləməyə məcburuq. Yəni, pandemiya şərtləri hələ ki, kütləvi tədbirlərə imkan vermədiyindən fəaliyyətimizi sosial şəbəkənin imkanları çərçivəsində davam etdirir, daha çox onlayn xidmət göstəririk.
Bölgələrdə - Gəncə, Bərdə, Lənkəran, Xaçmaz, Abşerondakı filiallarımız da Bakıdakı dörd filial kimi öz işini günün tələblərinə uyğun quraraq demək olar ki, ikiqat qüvvə ilə çalışır.
Bəzən özümün də inanmağım gəlmir ki, arxada qalan beş il ərzində biz necə kosmik templə işləyə bildik. Beş ildə 9 filial fəaliyyətə başladı. Beynəlxalq əməkdaşlıq sahəsində sözün həqiqi mənasında fantastik addımlar atıldı. Hətta qonşu ölkələrdən “Loqos”un filiallarını yaratmaq təklifi aldıq. Eynilə Azərbaycanın fərqli bölgələrindən davamlı olaraq müraciətlər gəlirdi. Şəkidən, Tovuzdan, Qəbələdən, Neftçaladan və s.
Çoxsaylı istəkləri cavabsız qoymaq fikrində deyildik. Bəzi bölgələrdə yeni filiallar açmaq olardı. Amma ürəyimdə kimsəyə bildirmədiyim və həyata keçəcəyinə bütün varlığımla inandığım bir arzu vardı...
Onu qeyd edim ki, qaçqın-köçkün, şəhid-itkin ailələrini hər zaman diqqət mərkəzində saxlayırıq. Onlar həmişə ön planda olub. Üç il əvvəl Bərdə, Tərtər, Ağdam və o bölgəyə yaxın rayonlarda psixoloji vəziyyəti araşdırmaq, ehtiyacı olanlarla ilkin diaqnostikalar keçirmək, mümkün dəstəyi vermək üçün təcrübəli psixoloq, psixopedadoq, psixiatr və loqopedlərdən ibarət mütəxəssis heyyəti ilə Quzanlıda olduq. O günü heç unuda bilmirəm. Dövlətimiz Quzanlıda sakinlərin normal yaşamı üçün lazım olan şəraiti yaratsa da, insanların üzündə, gözlərinin dərinliklərində dərin kədər vardı, ümidsizlik vardı. Öz vətənində olmasına baxmayaraq yurd, ocaq həsrətinin üzüntüsü aydınca sezilirdi baxışlardan. Stress, gərginlik, sarsıntılar öz işini görmüşdü. Psixoloji müayinə keçirəcəyimiz uşaq poliklinikasını həyətinə yüzlərlə insan toplaşmışdı. Uşaqlı-böyüklü hər kəsin mənəvi-psixoloji dəstəyə ehtiyacı vardı. Çox bölgələrdə olmuşduq, konfranslar, təlimlər keçirmiş, söhbətlər aparmışdıq, amma heç yerdə bu qədər insan toplaşdığını görməmişdik. Yerli polisin dəstəyi ilə həqiqətən ekstremal vəziyyətdə işləməli olduq. Bölgə ziyalıları ilə nəzərdə tutulan maarifləndirici konfransda ən azı beş mütəxəssis çıxışı nəzərdə tutulsa da, saat yarımlıq tədbiri psixoterapevt Əli Nağıyevlə mən idarə etməli olduq. Demək olar ki, bütün mütəxəssis heyyətimiz konsultasiyalara cəlb edildi. Proqramda konsultasiya müddəti iki saat nəzərdə tutulsa da axın-axın gələn insan selinin ardı-arası kəsilmirdi. Həmin gün səhərdən şər qarışana qədər fasiləsiz çalışdıq. Bölgənin psixoloji dəstəyə çox böyük ehtiyacı vardı. Elə oradaca Bərdə şəhərində “Loqos”un növbəti filialını açmağa qərar verdim. Və elə o anda da içimdə yatan istək yenidən oyandı. Beynimdən ani olaraq yeni yaranacaq filiala Qarabağ adı vermək fikri keçdi. Amma mümkün deyildi, Qarabağ düşmən tapdağından azad olmadan müqəddəs arzu gerçəkləşə bilməzdi.
Azad Qarabağ uğrunda 44 gün davam edən qanlı savaşın ilk günündən qəlbimin dərinliyində yuva quran o arzu yenidən boy göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan, müzəffər milli orumuzun yenilməz sərkərdəsi İlham Əliyevin hər kəlməsi ümid verən çıxışlarını, xalqa müraciətini, dünyaya meydan oxuyan müsahibələrini dinlədikcə, bu arzunun nəfəs qədər yaxın olduğunu hiss edir, böyük inamla qələbə xəbərini gözləyirdim. Bəli, müharibə qandır, ölümdür. İtkisiz qələbə olmaz. Şəhidlərimiz, mərd döyüşçülərimiz, vətən sevdalı xalqımızın öz dövləti, prezidenti ətrafında dəmir yumruq kimi birləşməsi bizə qəlbənin sevincini yaşatdı.
Siz soruşursunuz ki, Azad Qarabağ torpağında “Loqos” da öz sözünü deyəcəkmi? Əlbəttə, deyəcək! Bu bizim vətən, xalq qarşısında vətəndaşlıq borcumuzdur.
Bu yaz Qarabağ torpağında o yerlərin sakinləri kimi çəmən, çiçək, dağ, meşə, ceyran, cüyür də azad nəfəs alacaq. Qartallar oylağı, qədim mədəniyyət beşiyi Şuşada dillər əzbəri Xarıbülbül daha həsrət nəğməsi oxumayacaq... Və mənim də arzum çiçək açacaq. “Loqos”un sayca onuncu filialının ünvanı mütləq yuxarı Qarabağ olacaq!
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva