Newscenter.az.3.12.2020. Azərbaycan işğalçı Ermənistan üzərində tam qələbə qazandı. 44 günlük Vətən Müharibəsində düşməni ağır məğlubiyyətə uğradan Azərbaycan Ağdam və Kəlbəcərdən sonra Laçın rayonunun da siyasi yolla işğaldan azad edilməsinə nail oldu. Beləliklə, Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanatda nəzərdə tutulan qrafikə əsasən Laçın rayonu boşaldılaraq Azərbaycana təhvil verildi. Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Cənab Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edərək, vacib məsələlərə toxundu: “Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib”. Dövlət başçısı bildirib ki, Bəyanatın ilkin versiyasında Laçın dəhlizinin eninin 30 kilometr olması təklif edilsə də, buna qəti etiraz olunub və nəticədə Şuşa şəhərinə toxunmayacaq 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edilib.
Beləliklə, 28 ildir Ermənistanın əsarətində olan Laçında artıq Azərbaycan bayrağı dalğalanır. Laçınlılar daha məcburi köçkün deyil! Bu, Azərbaycanın tarixi Qələbəsinin təsdiqidir. Müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilərək, illərdir hər bir azərbaycanlının köksündə yara bağlamış Vətən həsrətinə, Qarabağ ayrılığına son qoyuldu. Bu gün Azərbaycan tarixinin parlaq səhifəsinin yazılmasına şahidlik etmək hər birimiz üçün qürurvericidir: Ermənistan-Azərbaycan münaqişəsi artıq arxada qaldı. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanmaqla bərabər siyasi meydanda da istədiyinə nail oldu. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda əksini tapan 9 maddənin tələbləri ardıcıl olaraq yerinə yetirilir. Cənab Prezident Bəyanatın detallarını şərh etməklə önəmli mesajlar verdi: “Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir”.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərimiz, o cümlədən Laçın rayonu kifayət qədər böyük iqtisadi potensiala sahibdir. Zəngin yeraltı və yerüstü sərvətlərə, qiymətli mineral sulara malik olan həmin torpaqlar müxtəlif sənaye sahələrinin, aqrar sektorun və turizmin inkişafı baxımından vacib ərazilər hesab olunur. Bu ərazi növbəti mərhələdə Azərbaycan iqtisadiyyatına, xüsusilə ərzaq təhlükəsizliyimizin gücləndirilməsinə xüsusi töhfə verəcək. Rayonda əsas civə yataqları olan Narzanlı, Çilgəzçay, Sarıbulaq (ümumi ehtiyatları 1124 ton), əhəng istehsalına yararlı Laçın əhəngdaşı (ehtiyatları 4457 min ton) və üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı (ehtiyatları 2533 min m3), mişar daşı istehsalına yararlı 2 tuf Ağoğlan, Əhmədli (ümumi ehtiyatları 5125 min m3), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil (ehtiyatları 998 min m3) yataqları və istismar ehtiyatları 430 min m3/gün olan Minkənd mineral su yataqları var. Bizim böyük çayımız - uzunluğu 100 kilometrdən çox olan Həkəri çayının mənbəyi Laçın rayonundadır. Rayonun ərazisi 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları ilə zəngindir. Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı əksər tarixi, mədəni və dini abidələr dağıdılıb, yerlə yeksan edilib, bəziləri isə tamamilə yer üzündən silinib.
Onu da deyək ki, Ermənistan işğal edilmiş ərazilərimizdə, o cümlədən Laçında qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Ermənistandan və digər ölkələrdən olan ermənilər bu ərazilərdə məskunlaşdırılıb. Həmin ermənilər bölgəni tərk etməzdən əvvəl yaşayış binalarına, tarixi yerlərə və təbiətə qarşı vandalizm aktları törədib. Ağdam və Kəlbəcər rayonları ərazisində həyata keçirilən eyni vəhşilik Laçında da təkrar olunub. Azərbaycan humanistlik nümayiş etdirərək ermənilərin bölgəni təhlükəsiz şəraitdə tərk etməsinə şərait yaradıb. Müqayisə üçün onu deyək ki, işğalçı Ermənistanın silahlı quldurları 1992-ci il mayın 18-də Laçını işğal edərkən yerli azərbaycanlı əhalini öz yurdlarından vəhşicəsinə, ayaqyalın qovmuşdular. Bu faktın özü Azərbaycan və Ermənistan arasında mövcud olan fərqi ortaya qoyur.
Ümumilikdə, münaqişənin həlli regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verəcək, çoxtərəfli əməkdaşlığa yol açacaq. Artıq dekabrın 1-dən etibarən post-müharibə mərhələsi başlayır. Bu mərhələ üçtərəfli bəyanatda əksini tapan kommunikasiyaların açılmasına şərait yaradaraq, bunun üçün lazım olan şərtləri təmin edəcək. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası həm Naxçıvanı mühasirədən çıxaracaq, həm də yeni bir nəqliyyat damarını açaraq Azərbaycanı Türkiyə ilə birləşdirəcək. Dövlət başçısının bəyan etdiyi kimi, Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula və beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Beləliklə, Ermənistan üçün yeganə yol Azərbaycanla dinc qonşuluq şəraitində yaşamaq olacaq. Bu baxımdan 44 günlük Vətən Müharibəsi regionda yeni reallıqlar ortaya qoydu, Azərbaycanın yenilməz, xalqımızın isə qürurlu və cəsarətli olduğunu bütün dünyaya göstərdi. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!
Emin Hacıyev-Milli Məclisin deputatı