Newscenter.az.5.12.2020. Azərbaycanın 10 noyabr 2020-ci il tarixli Bəyanatla de-yure rəsmiləşən qələbəsinin, de-fakto olaraq rəsmiləşməsi prosesi son olaraq 1 dekabr tarixində yekunlaşdı. Bununla da, ölkəmizin bütün əraziləri Ermənistan dövlətinin təsir dairəsindən təmizləndi. Azərbaycan dövlətinin rəsmi mövqeyinə əsasən, münaqişədən əvəlki sərhədlərimiz daxilində, o cümlədən də, işğaldan azad edilmiş ərazilərimizdə qanunlarımıza tabe olmaqla dünyada bütün millətlərdən olan şəxslərlə yanaşı, erməni əsilli şəxslər də yaşaya bilər.
Əldə etdiyimiz qələbənin 44 günlük döyüşlər nəticəsində əldə edildiyi ilə bağlı fikirlər səsləndirilir. Təbii ki, bu günlər mənfur və işğalçı düşmənlərimizə qarşı mübarizəmizin aktiv və son fazası idi. Ancaq, düşmənimizin kapitulyasiyası ilə bitən "İkinci Qarabağ müharibəsi" adlı aysberqin arxasında iyirmi ildən artıq gərgin və amansız bir mübarizə durur. Xalqımıza qarşı əsrlərin kinini və nifrətini özündə birləşdirən erməni vəhşiliyinə qarşı mübarizəyə, bu qələbənin memarı olan İlham Əliyev, altmış illik ömrünün təxminən yarısını həsr etmişdir.
Qarabağ boyda “Qordi düyünü” olan, həm fövqəl, həm də regional güclərin yağlı bir tikə kimi baxdıqları Azərbaycanın daxilində də, vəziyyət o qədər ürək açan deyildi. Qarabağ kartından ona və ətrafına qarşı mahircəsinə istifadə etməyə hazır kifayət qədər siyasi düşmənlərinin olmasına rəğmən, özündən sonra yeganə oğul varisinin prezident seçkilərində iştirakına razı olması təbii ki, təkcə Heydər Əliyevin özünün seçimi deyildi. Çünki, hətta prezident seçkilərində qalib gəlməsi halında belə, onu həm daxildə, həm də beynəlxalq müstəvidə necə bir amansız mübarizənin gözlədiyini çoxillik təcrübəsi ona deməmiş deyildi.
Ancaq, əsas həlledici faktor isə, belə bir həssas məqamda hadisələrin mərkəzində durmağa heç bir tərəddüd etməyən və hər şeyə rəğmən dövlətin çox mürəkkəb vəziyyətində idarəçiliyi öz üzərinə götürən, İlham Əliyevin şəxsiyyəti ilə bağlı idi. Bəs İlham Əliyev, qeyd etdiyimiz o mürəkkəb vəziyyətdə hakimiyyətə gəlib, bir neçə il öncə müharibədə çox ciddi itkilər verərək ərazilərinin 20%-nə qədərini itirən, paralel olaraq ölkə daxilində baş vermiş siyasi təlatümləri bir neçə il öncə arxada qoyan ölkəni necə bu günkü qalib vəziyyətə gətirdi?
İlham Əiyev Prezident kürsüsünə seçilərkən həm ölkə daxilindəki siyasi rəqibləri, həm bir çox xarici dairələr və həm də, işğalçı Ermənistan rəhbərliyi onun yalnız hakimiyyətə sabiblənmək iddiasının olduğunu düşünürdülər. Təbii ki, sonradan baş verən proseslər və onların məntiqi nəticəsi kimi bu gün əldə edilmiş tarixi nailiyyət olmasa, həmin prosesə fərqli yanaşmaq çox çətin idi. Lakin, indi aydın olur ki, həmin ərəfədə baş verən hadisələrin, atılan addımların hamısı yalnız dövlətimizin maraq və mənafelərinin təmin olunmasına hesablanmış taktiki addımlar idi.
İndi isə, hələ hakimiyyətindən əvvəl özü barəsində əsassız da olsa, fərqli fikirlərin formalaşmasına şərait yaradan AR Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti və Milli Məclisin deputatı olan İlham Əliyevin gedişlərinə toxunaq.
1994-cü ildə ARDNŞ-də vitse-prezident, 1995-ci ildə MM-də deputat və 1997-ci ildə isə Milli Olimpiya Komitəsinin prezidenti olmaqla özü haqqında biznes və idman sahəsinə aid olan adam təəssüratı formalaşdırmağa nail oldu. Daha sonra, 2001-ci ildən AŞPA-da Azərbaycan nümayəndə heyətinə rəhbərliyə başlayıb, 2003-cü ilin yanvarında həmin qurumun sədrinin müavini vəzifəsinə seçilməyə və AŞPA-nın Büro üzvü seçilməyə nail oldu. Çünki, heç bir vəchlə yeni müharibəyə razı olmayan və münaqişənin həllini hələ uzun illər uzadacaq dünyanın siyasi, diplomatik, mədəni və beyin mərkəzi olan Avropa ölkələri ilə Azərbaycanın münasibətlərini gücləndirmək lazım idi.
Ölkə Prezidenti seçildikdən sonra atılan addımların ümumi mənzərəsi necə idi?! Həm daxilin, həm də xarici quvvələrin gözlədiyinin tam əksinə olaraq, dövlətin idarə edilməsi kiçik istisnalarla, demək olar ki, köhnə komanda ilə davam etdirildi. Hamı gənc və müasir dünya görüşlü Prezidentin hər şeyi dəyişəcəyini və ölkə idarəçiliyinə gənc kadrları gətirəcəyini gözləsə də, o tələsmirdi. Həm də, siyasi kursun dəyişikliyinə yol verməyəcəyi görüntüsünü yaratmaqla, sanki mənfur düşmənimizin başının altına yastıq qoymağı bacardı.
Düşmən üçün yuxuyagetmə, bizim üçün isə təhlükəsizlik rolunu oynayan bu yastığın davamı kimi, ölkədə bir sıra idman, mədəni və digər beynəlxalq tədbirlər keçirilməkdə idi. Avroviziya, ilk Avropa oyunları, Formula-1 kimi tədirlərin keçirilməsinə böyük pulların xərclənməsinə fokuslanan quvvələr əslində bunun əsas məqsədindən xəbərsiz idilər. Bu addımları ilə, Prezident İlham Əliyev həm düşmənin yuxusuna haram qatmamağa, həm də özü barəsində müharibə tərəfdarı olan şərq lideri obrazının formalaşdırılmamasına nail oldu. Eyni zamanda, danışıqları davam etdirməklə, gələcəkdə ərazilərimizin işğalı probleminin əks-hücum yolu ilə həllinə şərait yaradacaq bəhanələrin qarşısı alınmış olacaqdı.
O da məlum oldu ki, işğalçı Ermənistan rəhbərliyi isə, bu illər ərzində zamanla hər şeyin unudulacağına ümid etmək, Azərbaycana aid olan əraziləri talamaq, orada müdafiə mövqeləri yaratmaq və yeni ərazi iddiaları hazırlamaqla məşğul olmuşdur.
Vurğulanmalı əsas məqamlardan biri də odur ki, dövlət başçısının da dediyi kimi, artıq həm region, həm də regionumuzun ürəyi hesab olunan Azərbaycan üçün tam yeni bir dövr başlayır. Düşünürəm ki, bu həm də ölkə idarəçiliyindəki mövcud konfiqurasiyanın dəyişilməsi baxımından da əhəmiyyətli məqamdır. Artıq köhnə qvardiyanın nümayəndələrinə bütöv və qalib Azərbaycanın yeni təfəkkürlü idarəetmə mexnizmində yer olmayacaq.
Bu gün, artıq hər şey məlumdur! Kim düzgün yol seçərək həlledici qələbəsini, kim də səhf yolla gedərək acı məğlubiyyətini təmin edib. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycanın yürütdüyü uğurlu siyasət və diplomatiya nəticəsində biz bu qələbəni təmin etsək də, bu müharibədə əsgərlərimizin və zabitlərimizn qanı, canı və həyatı hesabına zəfər çaldıq. Dövlətimiz şəhadət zirvəsinə yüksələn, qazilik dərəcəsini haqq edən və ümumiyyətlə bu ölüm-dirim savaşında qələbəmizə töhfə verən hər bir övladının haqqını misli ilə ödəməkdədir. Vətən müharibəsində hər bir vətən övladının haqqı ona verilməlidir! Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu Zəfərin memarı olan Prezident və Ali Baş Komandanın haqqı da ona verilməlidir! Bu haqqı da, onunla birlikdə bu qələbəni yaşayan müdrik xalqımız, ümummilli qəhrəmanına mütləq verəcəkdir!
Uca Tanrı Azərbaycanı, xalqımızı və onun liderini qorusun!
Xəyal Bəşirov-politoloq