Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quba - Qonaqkənd avtomobil yolunun yenidən qurulması yekunlaşıb



Newscenter.az.7.12.2020. 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulması işləri artıq tamamlanıb.

Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, Quba-Qonaqkənd avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.

Layihə çərçivəsində yolun 35, 36 və 41-ci km-lik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, həmçinin yolun 43 və 46-cı km-lik hissəsində Babaçay və Cimiçay üzərində müvafiq olaraq 126 və 80 metr uzunluğa malik yeni körpülər inşa edilib. Hər iki körpünün ətrafında müvafiq olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilib.

Quba rayonunun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrini əhatə edən layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.

Sözügedən yolun yenidən qurulması yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradır, rayonun turizm imkanlarını genişləndirir.

Anar
Xəbəri paylaş