Newscenter.az.8.12.2020. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılmasına və ondan istifadəyə nəzarət qaydası müəyyənləşib.
Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. Himayəçilik Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında Fondun xərc istiqamətlərini müəyyən edir.
Eyni zamanda Dövlət Agentliyi Fonda daxil olan vəsaitin xərclənməsi istiqamətlərinə dair təkliflərini Himayəçilik Şurasına təqdim edir, Himayəçilik Şurasının qərarına əsasən Fondun vəsaitinin idarə edilməsi ilə bağlı cəlb edilmiş kənar auditor yoxlamalarının keçirilməsinə lazımi şərait yaradır. Həmçinin Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik və illik hesabatları, eləcə də digər zəruri məlumatları Himayəçilik Şurasına təqdim edir.