Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DQİDK sədri İordaniya Haşimilər Krallığının səfiri ilə görüşüb



Newscenter.az.9.12.2020. Dekabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehlə görüşüb.

Newscenter.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, ölkələrimiz arasında əməkdaşlığın tarixi köklərə malik olduğunu deyən DQİDK sədri Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya lideri Kral II Abdullanın səmimi qardaşlıq münasibətləri sayəsində bu əlaqələrin daha da möhkəmləndiyini qeyd edib. Bildirib ki, İordaniya Haşimilər Krallığı istər Qoşulmama Hərəkatı, istərsə də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlət kimi ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəfələrlə dəstəkləyib.

Qonağı ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, DQİDK-nın fəaliyyəti barədə məlumatlandıran Komitə sədri vurğulayıb ki, Azərbaycanda dini sahəyə daim diqqət və xüsusi qayğı göstərilir. Dövlət tərəfindən uğurla həyata keçirilən siyasət dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin, eyni zamanda xalqımızın milli-mənəvi dəyərlərinin daha da möhkəmlənməsinə yönəlib.

Görüş zamanı Azərbaycanın tarixi zəfəri barədə də danışan Mübariz Qurbanlı Prezident İlham Əliyevin diplomatik məharəti, məqsədyönlü siyasəti nəticəsində Ordumuzun torpaqlarımızı erməni işğalından azad etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalan torpaqlarımızdakı tarixi dini abidələrimiz də talan və məhv edilib. Tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpasına daim həssas münasibət göstərən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu artıq bu abidələrin bərpası üzrə layihəyə başlayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşeh Ulu Öndər Heydər Əliyev və İordaniya lideri mərhum Kral Hüseynin xalqlarımız arasında dostluğun əsasını qoyduğunu və bu əlaqələrin hazırkı dövlət başçıları tərəfindən bu gün də uğurla davam etdirildiyini qeyd edib. Diplomat təmsil etdiyi ölkənin Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayaraq Azərbaycandakı diplomatik korpusun rəhbərləri ilə birgə işğaldan azad olunmuş Füzuliyə səfəri zamanı ərazidə törədilən vandalizmindən dərin təəssüf hissi keçirdiyini və bütün infrastruktur, evlər, tarixi-mədəni abidələr, qəbiristanlıqların dağıdılmasının yolverilməz hal olduğunu bildirib.

Qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi görüşün sonunda qonağa DQİDK-nın ingilis və ərəb dillərində ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında nəşr etdirdiyi kitablar təqdim edilib.

Mehman
Xəbəri paylaş