Newscenter.az.13.12.2020. Prezident İlham Əliyevin ATƏT-in Minsk Qrupunun amerikalı və fransalı həmsədrlərinə sözün əsl mənasında siyasət və diplomatiya dərsi keçdi. Son 28 ildə keçmiş Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq əvəzinə, "diplomatiya turizmi" ilə və ya "kabab diplomatiyası" ilə məşğul bu əcnəbi diplomatlar Azərbaycan liderinin açıqsözlülüyü qarşısında gerçəkdən də şok yaşadılar və seytnot vəziyyətinə düşdülər. Şahmat oynayanlar bunun nə demək olduğunu yaxşı bilirlər.
Mən ölkə başçımızın ATƏT diplomatları ilə söhbəti zamanı vurğuladığı önəmli məqamlardan bir neçəsini diqqətinizə çatdırmaq istəyirəm.
İlham Əliyev həmsədrlərin çağırılmamış qonaq kimi gəlmələrini onların diqqətinə çatdırdı və açıq şəkildə bildirdi ki, onun həmsədrlərlə görüşmək niyyəti yox imiş və Bakıya gəlmək onların öz ideyası olub: “Mən Minsk Qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk Qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var”.
Gördüyünüz kimi Prezident İlham Əliyev bu səfərin mənasız və əhəmiyyətsiz olduğunu birbaşa olaraq həmsədrlərin diqqətinə çatdırdı. Amma bir halda ki, artıq gəliblər, lap yaxşı, o zaman həqiqətləri canlı-canlı görsünlər və eşitsinlər.
Onlar necə deyərlər, gəldilər və gördülər. Və anladılar ki, artıq həmsədrlərə ehtiyac yoxdur. Onu da başa düşdülər ki, Müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibə nəticəsində torpaqlarımızı işğaldan azad etməsi artıq tamamilə yeni reallıqlar formalaşdırıb. ATƏT-in bu riyakar diplomatları bir daha əmin oldular ki, Azərbaycan 27 il kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini öz gücünə yerinə yetirib və Minsk Qrupunun həmsədrlərinin tez-tez tutuquşu kimi təkrarladıqları "Sülh prosesinin alternativi yoxdur, müharibə qəbulolunmazdır” kimi hiyləgər postulatlar artıq öz əhəmiyyətini itirib. Prezidentimiz onların diqqətinə çatdırdı ki, bu sözləri təkcə həmsədrlər deyil, onların liderləri də dəfələrlə dilə gətiriblər: “Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, “hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər”.
Dövlətimizin başçısı bununla onlara izah etdi ki, erməni işğalının bu qədər uzanmasında siz həmsədrlər də bilavasitə günahkarsınız. Təəssüf ki, bu acı həqiqətdir. Bəli, məhz həmsədrlərin açıq-aşkar fəaliyyətsizliyi nəticəsində erməni işğalı bu qədər davam edib. Nəticədə isə, minlərlə şəhid vermişik, şəhər və kəndlərimiz tamamilə darmadağın edilib, talana məruz qalıb.
İlham Əliyev hazırda Qarabağda sülhyaratma prosesində Rusiya və Türkiyənin oynadığı rolu xüsusi vurğuladı. Bu isə bir daha o demək idi ki, indi siz həmsədrlərə qətiyyən ehtiyac yoxdur və artıq yeni sülh formatı mövcuddur. Bununla həmsədrlərin nəzərinə çatdırıldı ki, əlbəttə, sülhməramlıların missiyası yenə də qüvvədədir, lakin "hazırda sülhməramlı əməliyyatlar Rusiya tərəfindən aparılır. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib. Eyni zamanda, artıq Azərbaycanın Ağdam rayonunda Monitorinq Mərkəzi yaradılır, Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Bu, regional əməkdaşlığın çox yaxşı təzahürü, Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir”.
Prezidentin bu sözləri o demək idi ki, ay həmsədrlər, siz artıq oyundankənar vəziyyətdəsiniz və biz artıq yeni sülhməramlılıq konsepsiyası (10 noyabr üçtərəfli Bəyanatı) əsasında fəaliyyət göstəririk.
Azərbaycan rəhbəri həmsədrlərlə görüşdə fürsətdən istifadə edib Ermənistan rəhbərliyinə və elə həmsədrlərin özlərinə də konkret olaraq xəbərdarlıq etdi ki, Ermənistan yenidən sabitliyi pozmağa heç bir vəchlə cəhd etməməlidir. Əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, bu dəfə tamamilə darmadağın ediləcəklər.
Ümid edək ki, İlham Əliyevlə görüşdən "nokaut" vəziyyətdə ayrılan vasitəçilər dövlət başçımızın bu ismarıcını Ermənistana səfərləri zamanı Nikol Paşinyanın diqqətinə çatdıracaq və Paşinyanı Azərbaycanın üzərinə revanşa təhrik etmək cəhdlərinə də son qoyacaqlar. Həmsədrlər suyu bulandırmasalar, Ermənistan rəhbərliyi ağlını başına cəm edib konstruktiv addımlar ata bilər. Xüsusən də Fransanın aranı qarışdırması Ermənistanı açıq-aşkar fəlakətə doğru aparır. Uğursuz Makron Paşinyanı da öz yanına alıb, onu növbəti uğursuzluğa doğru sürükləyir.
Əlisahib Hüseynov-Milli Həmrəylik Partiyasının sədri