Newscenter.az.21.12.2020. Ötən əsrin sonlarında kifayət qədər mürəkkəb sayılan bir şəraitdə yenidən dövlət müstəqilliyini qazanan Azərbaycan bir çox ölkələrin onilliklər boyu qət etdiyi inkişaf mərhələsini daha qısa zaman kəsiyində qət etmiş və sosial-iqtisadi tərəqqi sahəsində uğurlarla zəngin bir modelin əsasını qoymuşdur. Ölkəmiz beynəlxalq təşkilatların araşdırmalarının nəticələrinə və dünyanın nüfuzlu inistitutlarının, elmi-araşdırma mərkəzlərinin hesabatlarına görə iqtisadiyyatın bütün sahələrində, insan hüquqlarının qorunmasında, demokratiyanın inkişafında, aparılan islahatların artım tempində daim ilk sıralarda yer almışdır. Bu, bir daha Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının nə dərəcədə uzaqgörən xarakter daşıdığını və elmi əsaslara söykəndiyini sübut etmiş, eləcə də digər sahələrdə olduğu kimi sosial-iqtisadi sferada da həmin strategiyanın Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da zənginləşdirilərək uğurla davam etdirildiyinin əyani təsdiqi olmuşdur.
Bildiyimiz kimi, Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. “Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Azərbaycanın isə Dünya Bankı ilə sıx əməkdaşlığının 28 illik tarixi vardır. Dünyanın mühüm inkişaf institutu olan Dünya Bankı ölkəmizdə həyata keçirilən geniş miqyaslı islahatlara daim dəstək vermişdir.
Əminliklə deyə bilərik ki, son illərdə iqtisadiyyatımızın dəyişən palitrası reytinqlərdə əksini tapmaqdadır. Son bir neçə ilin dəyişən göstəricilərini nəzərdən keçirdikdə buna əmin olmaq olar. Belə ki, Azərbaycan “Doing Business 2012” reytinqində mövqeyini üç pillə yaxşılaşdıraraq, 2011-ci ildə tutduğu 69-cu yerdən 66-cı yerə yüksəlmiş, daha bir neçə il sonra-2017-ci ildə isə 65-ci pillədə qərarlaşmışdır. Bir il sonrakı hesabatda Azərbaycan 8 pillə yüksələrək 57-ci yerə qalxmışdır. Onu da qeyd edim ki, həmin hesabatda 190 ölkənin biznes mühiti qiymətləndirilmişdi. Xüsusilə vurğulamağa dəyər ki, hesabatda Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi təqdim edilmişdi. Cəmi, bir il sonra isə “Doing Business 2019” hesabatında isə ölkəmiz 190 dövlət arasında 25-ci yerdə qərarlaşdı.
Dünya Bankının 16 dekabr 2020-ci il tarixli "Doing Business 2020" hesabatına düzəliş dünyanın hansı çətinlikləri yaşanmasına baxmayaraq Azərbaycanın dayanıqlı iqtisadi inkişafını təmin etmək, biznes mühitini yaxşılaşdırmaq imkanında olduğunu təsdiqlədi. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur. Bu ölkəmizin növbəti uğurudur. Bu nəticənin əldə edilməsi üçün bura qədər qət edilən, aparılan islahatlar var. Azərbaycanın hesabat üzrə əhəmiyyətli dərəcədə irəliləyiş əldə etməsinə təsir edən faktorlara gəlincə isə şübhəsiz ki, burada ölkədə aparılan hərtərəfli islahatlar aparıcı rola malikdir. Birmənalı şəkildə Azərbaycan həm Dünya Bankının “Doing Business” hesabatında eyni zamanda digər beynəlxalq hesabatlarda öz mövqeyini ciddi şəkildə yaxşılaşdırıb. Təbii ki, “Doing Business” hesabatı və bu hesabatda nəzərdə tutulan indiqatorlar üzrə islahatların genişləndirlməsi Azərbaycan üçün son illər prioritet məsələlərdən olub. Xüsusən də 2018-2019-cu illərdə o cümlədən 2020-ci ildə ölkəmizdə gizli iqtisadiyyata qarşı mübarizənin genişlənməsi, elektron xidmətlərdən daha çox istifadə olunması və şəffaflığın gücləndirilməsi Azərbaycanın bu sahədə atdığı vacib addımlardandır.
Nəticədə Doing Business Hesabatında qeydə alınmış göstəricilər bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi, iqtisadi və sosial islahatlar dönməz xarakter almaqla, cəmiyyətin bütün fəaliyyət sahələrini əhatə edib, ölkəni yeni inkişaf mərhələsinə çıxarmışdır. Onu da vurğulayaq ki, Dünya Bankının aidiyyatı daxili nəzarət qurumları ölkələrin hesabatdakı mövqeyinə və işgüzar imicinə xələl gətirmiş bu uyğunsuzluqlara yol vermiş bankın məsul şəxsləri barədə Bankın Biznes Etikası qaydalarına uyğun inzibati tədbirlər görəcəkdir.
Anar MƏMMƏDOV-Milli Məclisin deputatı