Newscenter.az.21.12.2020. Dekabrın 20-də gecə saat 23 radələrində paytaxtın Yasamal rayonu, Kənar Dairəvi küçəsi ev 28-də yaşayan 1991-ci il təvəllüdlü Nigar Cəfərovanın yaşadığı binanın 4-cü mərtəbəsindən özünü yerə atması barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Bu barədə Yasamal rayon Prokurorluğundan məlumat verilib.
Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlərin həyata keçirilməsi təmin edilmişdir.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, Nigar Cəfərova həmin gün gecə saat 23 radələrində azyaşlı övladları 2017-ci il təvəllüdlü Hüseyn Cəfərov və 2019-cu il təvəllüdlü Oktay Cəfərovu yaşadıqları binanın 4-cü mərtəbəsində olan mənzilin yataq otağındakı pəncərədən qısa zaman ardıcıllığı ilə yerə atmış, daha sonra isə özünü də həmin yerdən atmışdır.
Nigar Cəfərova və övladları hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya aparılaraq həkimlərin müdaxiləsi nəticəsində sağ qalmışlar.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmışdır.
İstintaq prosesində cinayətin motivi, o cümlədən əhəmiyyət kəsb edə biləcək digər hallar tam və hərtərəfli araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.