Newscenter.az.23.12.2020. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxalarınca apararaq ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının da həyatında məhz ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı , ata vəsiyyətini layiqincə yerinə yetirib xalqımıza illərdir gözlənilən qələbə xəbrini bəxş edən və birdaha xalqın xilaskarına çevrilən müasir dünya tarixinin qiptə etdiyi prezidenti Cənab İlham Əliyev vardır. Dövlət rəhbəri cənab İlham Əliyevin uğurlu siyasi xəttinin nəticəsində ölkəmiz dünyada sabitlik diyarına, müasir dünyanın tələblərinə cavab verən bir dövlətə çevrilib, uğurları ilə beynəlxalq aləmin diqqətini özünə cəlb edə bilib.
Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 17 ildə ölkənin güclü və qüdrətli iqtisadiyyatı yaxın keçmişdə bizim üçün əlçatmaz görünən arzuları reallığa çevrib. Bu müddət ərzində ölkənin regionda və beynəlxalq arenada çox böyük nüfuza sahib olmasını qeyd etmək yetərli olar.Cənab Prezidentin ölkəmizə rəhbərlik etdiyi bu dövürlər ərzində istər daxili istər xarici siyasətin uğurlu dinamik inkişafı bizə bu gün regionda söz və güc sahibi olan müstəqil Azərbaycan dövlətinin vətəndaşı olma şansını nəsib etmişdir. Cənab Prezidentimiz İlham Əliyev tərəfindən ölkəmizin inkişafı naminə atılan uğurlu addımlar bu gün bizə 30 ildən sonra əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağı yenidən bəxş etmiş oldu. Son illərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən kompleks sosial-iqtisadi islahatlar, xalq-iqtidar birliyi, beynəlxalq nüfuzumuzun artması, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu sahəsində həyata keçirilən mühüm tədbirlər təbii ki, bu qələbəmizi şərtləndirdi. İqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı təmin etdi. Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən aslı deyil, heç bir beynəlxalq maliyyə qurumundan aslı deyil. İqtisadi müstəqilliyimiz və gücümüz ordumuzu gücləndirmək üçün imkan yaradıb. Ordu üçün lazım olan bütün hərbi texnikanı, silahları alırıq. Azərbaycanda müdafiə sənayesi yaradıldı. Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir. Azərbaycan illərlə, demək olar, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlər qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı.
Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici qüvvələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Bütün bu uğurlu siyasətin yekun nəticəsidir ki, Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ müharibəsini müvəffəqiyyətlə başa vurdu. Zəfər gününə qədər 44 günlük fəal müharibə yolu keçildi. Azərbaycan Vətən müharibəsində dövlət-xalq birliyi öz təntənəsini yaşadı, zirvə məqamlarla tarixə düşdü, örnək oldu. Azərbaycan Silahlı Qüvvələri mülki insanlarla müharibə aparmadığını, hərbçinin işinin hərb meydanında olduğunu göstərdi. Azərbaycan Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa edərək tarixi qələbəyə imza atdı. Bunu artıq nəinki Ermənistanda, eyni zamanda, beynəlxalq aləmdə də hər kəs etiraf edir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə qazanılmış bu Qələbə ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcı olacaq.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanat məzmun, mahiyyət, ehtiva etdiyi səbəb və nəticə etibarilə Ermənistanın tam məğlubiyyəti və bizim qələbəmizdir. Hərb meydanında məğlubiyyətini dərk edən işğalçı Ermənistanın siyasi rəhbərliyi Azərbaycan Prezidenti İlham Əliyevin müharibənin ilk günlərindən elan etdiyi şərtləri qəbul etdi, başqa sözlə, kapitulyasiya şərtlərinə razılıq verdi. Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı. Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Noyabr ayının 10-da bağlanmış 3 tərəfli bəyanat Ermənistanın hərbi kapitulyasiyası demək idi. Bu bəyanat uzun illər davam edən işğala son qoydu.Vacib məqamlardan biri də odur ki, bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də olmadı. Dağlıq Qarabağa heç bir status, muxtariyyat, hətta mədəni muxtariyyat belə verilmədi. Mühüm məqamlardan biri də, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da, Naxçıvanın 30 illik blokadasına son qoyulur, eyni zamanda türk dünyasının yerüstü tranzit-rabitə əlaqəsi bərpa olunur. Bu razılaşma Azərbaycanın tam və birmənalı qələbəsi ilə nəticələndi. Əldə olunan bu qələbə Azərbaycan xalqına, xalq isə bu qələbəyə layiqdir. Azərbaycan dövlətçiliyi böyük bir imtahandan şərəflə çıxdı. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.
Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən doğma yurd həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi. Bu tarixi nəticə bizlər haqqında "məğlub xalq" rəyini sındırdı, əksinə nə qədər yenilməz xalq olduğumuzu bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsində qazandığımız qələbə Prezident İlham Əliyevin son 17 il ərzində həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının nəticəsidir. İnanırıq ki, işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması nəticəsində həyat yenidən canlanacaq, insanlarımız xoşbəxt və fiərvan yaşayacaqlar.Bu möhtəşəm qələbənin əldə olunmasında ən böyük amil Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin polad kimi möhkəm siyasi iradəsidir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi, siyasi və diplomatik sahədə qələbələrimizin simvoluna çevrildi. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
İlham Məmmədov-Milli Məclisin deputatı