Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırıb



Newscenter.az.24.12.2020. Müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib, iqtisadi inkişaf sürətinə görə dünyada liderlik mövqeyinə yüksəlib. Bu səbəbdəndir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir.

Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olub. Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Prezident İlham Əliyev praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri də gerçəkləşdirir. Prezident İlham Əliyev öz xalqını ürəkdən sevən, onun xoşbəxt gələcəyini düşünən və xalqı üçün misilsiz xidmətlər göstərən tarixi şəxslər sırasına öz adını böyük hərflərlə yazıb.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırıb, Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsini yaradıb və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrilib. Müzəffər Ali Baş Komandan və rəşadətli Ordumuz Ermənistanın 4 ilə işğal etdiyi, təxminən 30 il ərzində möhkəmləndiyi torpaqlarımızın 44 günlük aktiv müharibə, 20 günlük isə siyasi-diplomatik vasitələrlə, cəmi 2 ay ərzində tam azad etməklə möhtəşəm zəfər tarixi yazdı. Heç şübhəsiz Vətən müharibəsi barədə danışdıqda bu prosesin şəksiz qəhrəmanları olan Müzəffər Ali Baş Komandanın və rəşadətli Ordumuzun uğurları xüsusi təqdirəlayiq şəkildə dəyərləndirilməlidir. Elə buna görə də Prezident İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxsdir.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş