Newscenter.az.24.12.2020. Yeni Azərbaycan Partiyasının (YAP) Türkiyə üzə koordinatoru, Milli Məclisin deputatı Ramil Həsən Ankarada hakim Ədalət və İnkişaf Partiyasında (AKP) bir sıra görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, Ədalət və İnkişaf Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini Əfkan Ala ilə keçirilən görüşdə YAP-AKP münasibətlərinin inkişaf perspektivləri, iki qardaş qurum arasında imzalanacaq əməkdaşlıq protokollarının detalları, həmçinin Azərbaycan və Türkiyənin liderliyi ilə həyata keçirilən beynəlxalq layihələrin yaratdığı yeni regional əməkdaşlıq vəziyyəti ətrafında müzakirələr aparılıb.
Görüşdə yenilməz Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı 44 günlük şərəfli Vətən müharibəsinin tarixi nəticələri yüksək dəyərləndirilib. Avrasiyanın enerji təhlükəsizliyində böyük rola malik layihələr, o cümlədən Ermənistanın hərbi məğlubiyyəti əsasında Azərbaycanın Naxçıvan bölgəsi ilə ölkənin digər əraziləri arasında dəmir və avtomobil yolları vasitəsilə əlaqələrinin qurulması perspektivlərindən danışılıb. Eyni zamanda, gələn ilin yanvar-fevral aylarında YAP və AKP-nin bu mövzular əsasında birgə videokonfranslar keçirməsi ilə bağlı fikir mübadiləsi aparılıb.