Newscenter.az.25.12.2020. Azərbaycana Sovetlər birliyinin tərkibində olduğu dövr də daxil olmaqla, bu günə qədər bir çox şəxsiyyətlər rəhbərlik edib. Təbii ki, onlardan tarixdə uğurlu rəhbər kimi qalanları da olub, dövlətçilik tariximizdə uğursuz izlər buraxanları da. Hər bir halda, hamısı bizim tariximizdir və tarixini yaxşı bilməyən xalq güclü xalq ola bilməz.
Mən son iki dövlət rəhbərimizin müəyyən məqamlarla bağlı müqayisəsini aparmaq istərdim. Məşhur bir kəlam var ki, "çox vaxt dahilərin övladları onlar kimi dahi olmur". Ancaq tarixə nəzər yetirsək, bütün müdrik fikirlərə münasibətdə olduğu kimi, bu məsələ ilə bağlı da, istisna təşkil edən faktlara rast gəlmək mümkündür.
Yenicə müstəqilliyinə qovuşan dövlətimizin ən kritik vəziyyətində dövlət idarəçiliyinə gələn Heydər Əliyevin ölkəmiz üçün gördüyü işlər hər birimizə yaxşı məlumdur. Bu barədə çox sözlər deyilib, fikirlər səsləndirilib, kitablar yazılıb və filmlər çəkilib ki, bu proses hələ bundan sonra da davam edəcək. Mən bunlara toxunmaq istəmirəm. Toxunacağım sadəcə, siyasi nəhəngliyinə görə Azərbaycan sərhədlərini aşan və dünyanın fövqəldövləti olan SSRİ rəhbərliyində ən yüksək statusa sahib bir neçə şəxsdən biri olan Heydər Əliyev Qarabağ problemini niyə həll edə bilmədi?!
Həll edə bilmədi, yoxsa buna cəhd etmədi?
Ümumiyyətlə onu qeyd edim ki, xalqımızın təkid və tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev həmin dövrdə Azərbaycanın hansı təhlükələrlə qarşı-qarşıya olduğunu çox gözəl bilirdi. Mövcud təhlükələrin fonunda Qarabağ münaqişəsinin həllinin müvəqqəti olaraq qeyri-mümkünlüyünü də, o zamankı siyasi rəhbərlikdə bəlkə də, tək o anlayırdı. Ona görə də sələflərinin səhvini təkrarlamağın təkcə dövlətimiz üçün deyil, dövlətçiliyimiz üçün də faciə ilə bitəcəyini başa düşdü və dərhal müharibənin dayandırılmasına nail oldu. Bununla da, bu münaqişəni yaradan və onun daha da dərinləşdirilməsində maraqlı olan Ermənistan və onun dəstəkçilərinin məkrli planına ilk zərbə vuruldu. Çünki, həmin dövrə aid siyasi, iqtisadi, sosial, hərbi güclə və idarəçilik mexanizmi ilə müharibə aparmaq ən böyük siyasi səriştəsizlik idi.
Ondan sonra, ölkəmizin bu günkü hərtərəfli inkişafını şərtləndirən çox geniş proseslərə start verildi. Bununla da, Azərbaycanı dövlətçiliyini itirmək təhlükəsindən azad edən və güclü dövlət obrazının təməl prinsiplərini özündə ehtiva edən bütün mühüm prosesləri işə salmaqla Prezident Heydər Əliyev hazırki güclü Azərbaycanın təməlini qoymuş oldu. Xalqımız onun bu əvəzolunmaz missiyasına görə, özünün böyük oğluna "ümummilli lider" və "ulu öndər" adını bəxş etdi.
Prezident İlham Əliyev də, prezident seçildikdən sonra, 40 ilə qədər bir dövr ərzində siyasi varisi olduğu ümummilli lider Heydər Əliyevdən müşahidə etdiklərinə əsaslanıb Qarabağ məsələsində tələsmədi. Sələfinin başladığı hərtərəfli güc toplama prosesini daha geniş miqyasda davam etdirməklə yanaşı, çox böyük səbr və dözüm nümayiş etdirərək hər an, o müdhiş məqamı gözlədi.
Və nə az, nə çox, düz 17 ildən sonra o saat, o an yetişdi, vədə tamam oldu! Azərbaycan adlı igid, əsrlər boyu onun paxıllığını çəkən, ona namərdlik edən və onu yalnız arxadan vurmağı bacaran Ermənistan adlı rəzil, məkrli və hiyləgər xislətli qozbel düşmənini sahiblərindən ayırıb haqladı və onun donqar belini qırdı. Altı il ərzində mənfur düşmənin işğal etdiyi torpaqlarımızı 44 gün ərzində, altı illə müqayisədə demək olar ki, bir göz qırpımında azad etdi. Bəlkə də, tarixdə analoqu olmayan bu taktika düşmənlərimizlə yanaşı, bütün dünyanı şok vəziyyətinə saldı.
Azərbycan ordusunun 44 gündə, 30 ilə yaxın dövrdə yalnız hərbiləşməkdə olan düşməni darmadağın etməklə yazdığı bu zəfər taktikası dünya hərb elmində və döyüş dərsliklərində hələ uzun illər öyrəniləcək. Eyni ilə, sadəcə xalqının dəstəyinə arxalanaraq, bir pencəyini çiyninə atıb hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin, o zamanlar ölkəmizi ayrı-ayrı güc mərkəzlərinə bölən və hər biri ayrıca silahlı birləşmələrə sahib olmaqla dövlətlə dövlətçilik edən çox təblükəli şəxsləri mahir dövlət idarəçisi olaraq zərəsizləşdirdiyi kimi.
Xüsusilə də, ona qədər qorxusundan ölkə başçısının belə yuxularına haram qatan, dövlət çevirilişinin astanasında olan Sürət Hüseynovun Gəncədən Bakıya gətirilərək baş nazir təyin edilməsi, cinayətkar bir vəzifə düşkünü olduğunun ona isbat edilməsi, vəzifədən kənarlaşdırlması və islah olunması üçün ona verilən şansı düzgün dəyərləndirmədiyinə görə hətta Moskvada həbs edilərək ölkəyə gətirilməsi ilə bağlı mexanizm bu gün dünya siyasi-diplomatiya və dövlət idarəçiliyi dərsliklərində öyrənildiyi kimi!
Ölkəmizi çox böyük təhlükə saçan daxili düşmənlərindən təmizlədiyinə görə ümummilli lider Heydər Əliyevi dəyərləndirən xalqımız, əsrlər boyu ən təblükəli xarici düşmənimizi diz çökdürən və torpaqlarımızdan silinib-süpürülərək təmizlənmələrinə səbəb olan qalib sərkərdəsi Prezident İlham Əliyevi necə mükafatlandıracaq? Düşünürəm ki, adı xalqımızın yaddaş tarixinə ən çox, müqəddəs ruhlar şəhərimiz Şuşanın da azad olunması ilə nəticələnən Vətən müharibəsinin qalib və qəhrəman sərkərdəsi kimi yazılan İlham Heydər oğlu Əliyevə də xalq tərəfindən ən layiqli titul veriləcək.
Zənnimcə o, özünün uğurlu fəaliyyəti ilə Azərbaycan xalqının "Ümummilli qəhrəman"ı adını artıq qazanıb!
Xəyal Bəşirov-politoloq